CƏMİYYƏT


Azərbaycan Orta Asiya Gənclər Festivalında təmsil olunur

Almatı, 23 avqust, AZƏRTAC

Azərbaycan Qazaxıstanda keçirilən Orta Asiya Gənclər Festivalında yeddi nəfərdən ibarət nümayəndə heyəti ilə təmsil olunur.

AZƏRTAC xəbər verir ki, Almatıda təşkil olunan festivala Azərbaycan ilə yanaşı, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Türkiyədən 18-29 yaşlı 300-dən çox gənc qatılıb.

Qazaxıstanda Gənclər ili çərçivəsində Birinci Prezident Fondu və Almatı Akimliyi (qubernatorluğu) tərəfindən təşkil edilən festival gənclərin siyasi biliklərini və fəal vətəndaşlıq mövqeyini inkişaf etdirmək məqsədi daşıyır.

Festivalın açılışında Qazaxıstan Respublikasının Birinci Prezident Fondunun icraçı direktoru Aset İsakeşev, Almatı akimi Baxıtjan Saqintayev, İnformasiya və İctimai İnkişaf nazirinin müavini Marat Azilxanov çıxış ediblər. A.İsakeşev forumun Orta Asiya və qardaş xalqların konstruktiv dialoqunun yeni bir modeli olduğunu vurğulayıb.

Festivalda ölkəmizi Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri təmsil ediblər. Festival çərçivəsində, həmçinin “Miqrasiya – İntellektual kapitalın saxlanılması” mövzusunda keçirilən panel sessiyada İctimai Birliyin nümayəndəsi Aydan Ramazanova təqdimatla çıxış edib.

Festivalın sessiyalarında informasiya texnologiyalarının və kibertəhlükəsizliyin inkişafı, tələbələrin iş və peşə seçimi istiqamətləri, miqrasiya, intellektual kapitalın qorunması və s. mövzular müzakirə olunub.

Siyasi və ictimai xadimlər, gənc liderlər müzakirələrdə və iclaslarda fəal iştirak ediblər.

 

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Almatı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.