REGİONLAR
Şəhid Aqil Alışovun xatirəsi doğulduğu Kürdəmir rayonunun Qarabucaq kəndində anılıb VİDEO
Kürdəmir, 8 oktyabr, AZƏRTAC
Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Aqil Alış oğlu Alışovun ata yurdunda - Kürdəmir rayonunun Qarabucaq kəndində anım mərasimi keçirilib. Şəhidin ata ocağının qarşısında, barelyefi önündə təşkil olunan mərasimdə rayon icra hakimiyyətinin əməkdaşları, Aqilin döyüş yoldaşları, müəllimləri, kənd sakinləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, çıxışlarda cəsarətinə görə Qaçaq Nəbi adlandırılan keçmiş döyüşçünün qısa, lakin şərəfli ömür yolundan danışılıb. Vurğulanıb ki, Aqil Alışov 1973-cü il noyabrın 26-da anadan olub. İlk təhsilini Qarabucaq kənd orta məktəbində alan Aqil məktəbi bitirdikdən sonra 1992-ci ildə rayon hərbi komissarlığının çağırışı ilə hərbi xidmətə yola düşüb. Pulemyot batalyonunda qəhrəmancasına döyüşən çavuş Aqil Alışov manqa komandiri kimi bütün tapşırıqları layiqincə yerinə yetirib.
Aqilin döyüşlərdə cəsurluğundan danışan keçmiş komandiri Ədalət Verdiyev vurğulayıb ki, o, az bir qüvvə ilə Laçın dəhlizinin qorunmasında xüsusi rəşadət göstərib. Bir dəfə ermənilərin böyük bir qüvvə ilə hücuma keçdiyini görüb bölüyə müvəqqəti olaraq geri qayıtmaq əmri verilib. Bu zaman Aqilə və iki döyüş yoldaşına yaralı əsgərləri təhlükəsiz əraziyə aparmaq əmri verilib. Aqil və döyüş yoldaşları erməni quldurları ilə döyüşə-döyüşə 40 nəfərədək yaralı əsgəri təhlükəsiz zonaya çatdırıblar. Geri qayıdan Aqildən bir daha xəbər almaq mümkün olmayıb.
Aqilin anası Nahizə Alışova deyib: “Aqilin xilas etdiyi döyüş yoldaşları hər il bizə gəlir, onu yad edirlər. Onlar bu gün həyatda qaldıqları üçün oğluma borclu olduqlarını deyirlər. Aqil övladlarımın içində vətənpərvərliyi ilə seçilirdi. İdmançı idi. Mən onun şəkillərinə və evimizin divarındakı barelyefinə baxaraq təskinlik tapıram”.