REGİONLAR
Mingəçevir Dövlət Universitetinin İctimai Nəzarət Şurasının üzvləri imtahan prosesini izləyiblər
Mingəçevir, 16 yanvar, AZƏRTAC
Mingəçevir Dövlət Universitetinin (MDU) İctimai Nəzarət Şurasının üzvləri universitetdə 2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişilə yaxından tanış olublar. Şura üzvlərinə semestr ərzində professor-müəllim heyəti tərəfindən tədris olunan ayrı-ayrı fənlər üzrə əldə edilən akademik biliklərin qiymətləndirilməsi prosesinin şəffaf, obyektiv və mütəşəkkil qaydada keçirilməsi üçün görülmüş işlər barədə məlumat verilib.
AZƏRTAC xəbər verir ki, Şura üzvlərinə yazılı formada keçirilən imtahanlarla bağlı yarana biləcək məsələlərlə əlaqədar tələbə və valideynlərin imtahan qərargahına, apellyasiya komissiyasına və şəxsən rektora müraciət etməsi üçün müvafiq şəraitin yaradıldığı bildirilib.
İmtahan prosesində valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı, imtahan qərargahının və apellyasiya komissiyasının fəaliyyətində tələbələrin təmsil olunması, “açıq qapı” günlərinin keçirilməsi, eləcə də “qaynar xətt”, elektron poçt və rəy qutuları vasitəsilə daxil olan müraciətlərə operativ qaydada baxılması üçün yaradılan imkanlar Şura üzvləri tərəfindən məmnunluqla qarşılanıb.
İmtahan auditoriyalarında tələbələrlə söhbət edən Şura üzvləri imtahanların gedişi, sualların və biletlərin tərtibi, nəticələrin qiymətləndirilməsi və bir sıra digər məsələlərlə bağlı tələbələrin fikirlərini öyrəniblər.
Sonra Şura üzvləri və MDU-nun rektoru Şahin Bayramovun iştirakı ilə keçirilən iclasda imtahan prosesi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, müvafiq tədbirlərin davamlı şəkildə keçirilməsi qərara alınıb.
Qeyd edək ki, MDU-nun İctimai Nəzarət Şurası universitet idarəçiliyində şəffaflığın daha da artırılması və ictimai hesabatlılığın təmin edilməsi məqsədilə yaradılıb.