REGİONLAR
Naxçıvanda işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin qaydası müəyyənləşib
Naxçıvan, 10 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nı təsdiq edib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, qərara əsasən, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin şəhər, rayon məşğulluq orqanlarında işsiz kimi qeydiyyatda olan şəxslərə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə veriləcək. Aprel ayının ilk günündən tətbiq olunacaq qərarın əsas məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Qeyd edək ki, 2020-ci il üçün yaşayış minimumu 190 manat müəyyən edildiyi üçün birdəfəlik ödəmənin məbləği də 190 manat təyin olunub. Pandemiya şəraitində bu vəsait dövlətin sosial dəstəyi olaraq minimum ərzaq ehtiyaclarını qarşılamaq üçündür.
Birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, işsiz kimi qeydiyyata alınmış aşağıda göstərilən kateqoriyaya aid olan şəxslərə ödəniləcək:
- 2020-ci il 1 aprel tarixinə məşğulluq orqanlarında işsiz kimi qeydiyyata alınmış şəxslərə;
- pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə məşğulluq orqanlarında işsiz kimi qeydiyyata alınmış şəxslərə.
Aşağıdakı ödənişləri alan işsiz şəxslərə isə birdəfəlik ödəmə təyin edilməyəcək:
-ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə;
-əmək pensiyaçılarına;
-aylıq müavinət alanlara;
-aylıq təqaüd alanlara;
-özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə;
-işsizlikdən sığorta ödənişi alanlara;
-peşə hazırlığına görə təqaüd alanlara;
-2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə;
-əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya “Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi”ndə aktiv əmək müqaviləsi bildirişi olanlara;
-əri və ya arvadı yuxarıda göstərilən ödəniş növlərindən birini alan şəxslərə.
Eyni zamanda, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar işsiz kimi qeydiyyata alınmadığından onlara birdəfəlik ödəmə verilməyəcək.
Əlavə edək ki, birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir.
Birdəfəlik ödəmənin alınması üçün şəxs telefon və ya elektron poçt vasitəsilə məşğulluq orqanlarına müraciət etməli və sözügedən qurumun əməkdaşları tərəfindən qeydiyyata alınmalıdır. Daha sonra, məşğulluq orqanları tərəfindən yoxlama aparılmaqla müvafiq qərarın qəbul olunması təmin ediləcək və bu barədə vətəndaşa məlumat veriləcək.
Muxtar respublikanın şəhər və rayonları üzrə fəaliyyət göstərən məşğulluq orqanlarının əlaqə rekvizitləri:
Naxçıvan şəhər Məşğulluq Mərkəzi
Əlaqə telefonları: (036) 545-18-35, (036) 545-47-48
Elektron ünvan: [email protected]
Şərur rayonu Məşğulluq Mərkəzi
Əlaqə telefonu: (036) 542-25-96, (036) 542-29-14
Elektron ünvan: [email protected]
Babək rayonu Məşğulluq Mərkəzi
Əlaqə telefonu: (036) 541-32-71, (036) 541-32-76
Elektron ünvan: [email protected]
Ordubad rayonu Məşğulluq Mərkəzi
Əlaqə telefonu: (036) 557-02-16
Elektron ünvan: [email protected]
Culfa rayonu Məşğulluq Mərkəzi
Əlaqə telefonu: (036) 546-03-30
Elektron ünvan: [email protected]
Şahbuz rayonu Məşğulluq Mərkəzi
Əlaqə telefonu: (036) 543-02-92
Elektron ünvan: [email protected]
Kəngərli rayonu Məşğulluq Mərkəzi
Əlaqə telefonu: (036) 548-00-74
Elektron ünvan: [email protected]
Sədərək rayonu Məşğulluq Mərkəzi
Əlaqə telefonu: (036) 549-21-47
Elektron ünvan: [email protected] .