CƏMİYYƏT


Azərbaycan Hərb Tarixi Muzeyində əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyi münasibətilə tədbir keçirilib

Bakı, 18 sentyabr, AZƏRTAC

Sentyabrın 18-də Azərbaycan Hərb Tarixi Muzeyində İkinci Dünya müharibəsində antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illik yubileyi münasibətilə “Əfsanəvi partizan Əhmədiyyə Cəbrayılov-100” adlı anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Əhmədiyyə Cəbrayılovun, Avropa müqavimət hərəkatının iştirakçısı, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin və Böyük Vətən müharibəsi iştirakçısı olmuş həmvətənlərimizin ailə üzvləri, həmçinin muzeyin əməkdaşları iştirak ediblər.

Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə anım mərasimində “Əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun həyatı və hərbi fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edərək xalqımızın igid oğlu barədə ətraflı məlumat verib. Bildirib ki, bu il xalqımızın qəhrəmanlıq ənənələrini Azərbaycanın hüdudlarından uzaqlarda layiqincə yaşatmış Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyi tamam olur. Əhmədiyyə Cəbrayılov bəşəriyyətin XX əsrdə məruz qaldığı qorxunc faşizm təhlükəsindən xilas edilməsində və nasizm üzərində qələbə qazanılmasında böyük xidmətlər göstərib, Azərbaycan xalqının mərd oğlu kimi rəşadətli döyüş yolu keçib. Müasir dövrümüzdə Vətənimizin gələcəyi gənclərimizin milli ruhda tərbiyə alması, Vətəni sevmək kimi vacib amillərdən çox asılıdır. Odur ki, Əhmədiyyə Cəbrayılovun həyat və döyüş yolu gənclərimiz üçün ən qiymətli örnəkdir və gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyəsi işində mühüm rol oynayır. Eyni zamanda, Əhmədiyyə Cəbrayılovun igidlikləri işğal altındakı torpaqlarımızı hər an azad etməyə qadir olan Azərbaycan Ordusunun mətin əsgəri üçün hünər və cəsarətin bariz nümunəsidir.

Vurğulanıb ki, Azərbaycan xalqı faşizmə qarşı mübarizədə döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də qəhrəmanlıq göstərib. Xalqımız faşizm üzərində Qələbənin qazanılmasına əvəzsiz töhfələr verib. Bu müharibədə 700 minədək azərbaycanlı iştirak edib. Onlardan 300 minə yaxını həlak olub.

Əhmədiyyə Cəbrayılovun qızı Almaz Cəbrayılova atası haqqında xatirələrini bölüşüb, İkinci Dünya müharibəsi illərində onun keçdiyi döyüş yolundan söhbət açıb. O, atasının xatirəsinin əbədiləşdirilməsinə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Çıxış edənlər Böyük Vətən müharibəsindəki ümumi Qələbəyə Bakı neftinin töhfəsinin əvəzsiz olduğunu söyləyib, müharibə veteranlarına və onların ailə üzvlərinə göstərilən dövlət qayğısından danışıblar. Diqqətə çatdırılıb ki, Avropa müqavimət hərəkatında iştirak etmiş azərbaycanlı döyüşçülərin göstərdiyi igidliklər onların adlarını, həm də xalqımızın adını bəşəriyyət tarixinin səhifələrinə qızıl hərflərlə yazıb.

Sonra Fransa müqavimət hərəkatının nümayəndəsi Əhmədiyyə Cəbrayılova həsr edilən sərgiyə baxış olub.

Qeyd edək ki, Əhmədiyyə Cəbrayılovun xatirəsinə həsr edilən tədbirlər Prezident İlham Əliyevin “Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən təşkil olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.