DÜNYA
15 minə yaxın turist Argentina ilə Çili arasındakı dağlarda qalmışdır
Bakı, 24 sentyabr (AZƏRTAC). Əksəriyyəti çilililərdən ibarət olan 15 minə yaxın turist əlverişsiz hava şəraiti ilə əlaqədar Çili ilə Argentina arasındakı “Los-Libertadores” sərhəd keçid məntəqəsi zonasında qalmışdır.
Bu barədə Argentinanın kütləvi informasiya vasitələri məlumat verir.
Son günlər And dağları arasında yerləşən keçid zonasına təqribən 40 santimetr qar düşmüşdür. Qar bir neçə gün yağmış və güclü küləklə müşayiət olunmuşdur. Nəticədə yerli hakimiyyət orqanları “Günahları bağışlayan İsa” dağ tunelini bağlamağa məcbur olmuşdur - onun ətrafında qar örtüyünün səviyyəsi bəzi yerlərdə yarım metrə çatmışdır.
Bəzi avtoturistlər artıq ikinci gündür ki, tunelin açılmasını gözləyirlər. Hakimiyyət orqanları avtomobil həvəskarlarına Argentinanın Mendos əyalətinin hər cür lazımi infrastruktur yaradılmış yaşayış məntəqələrində qalıb havaların yaxşılaşmasını gözləməyi tövsiyə edirlər.
Argentinanın Mendos əyalətini Çilinin Santyaqo şəhəri ilə birləşdirən 7 nömrəli avtomobil yolu 3 min metr yüksəklikdə yerləşən “Los-Libertadores” sərhəd məntəqəsindən keçir.
İstirahət günlərində minlərlə Çili sakini uzun sürən həftə sonundan vətənə qayıdırmış – ölkədə 1818-ci ildə İspaniya əsarətinə qarşı müstəqillik uğrunda mübarizəyə başlamış İlk Hökumət Günü bayram edilirdi.