REGİONLAR
Balakəndə iki gündə 174 tibb işçisi peyvənd olunub
Balakən, 22 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Balakən rayonunda əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunmasına başlanılıb. Rayon Mərkəzi Xəstəxanasının infeksion şöbəsinin binasında təhlükəli virusa qarşı mübarizə məqsədilə 5 xüsusi vaksin otağı ayrılıb. İlkin mərhələdə risk qrupuna daxil olan tibb işçilərinin, eləcə də yaşı 65-dən yuxarı olan rayon sakinlərinin könüllülük əsasında peyvəndlənməsi nəzərdə tutulur.
Balakən Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Dilbər Quliyeva AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ilkin mərhələdə rayona 440 doza vaksin gətirilib. Vaksinasiya kampaniyasının ilk iki günündə rayonda 174 tibb işçisinə peyvəndin birinci dozası vurulub və proses davam edir. Peyvənd olunmuş tibb işçiləri özlərini yaxşı hiss edirlər. Peyvəndin ikinci dozası 21 gündən sonra vurulacaq.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət peyvəndlənəcək.