Lahıc və Basqal qoruqlarında qədim əlyazmalar və çap nüsxələri aşkarlanıb
AzerTAg.az
İsmayıllı, 2 fevral, Adil Ağayev, AZƏRTAC
İsmayıllı rayonu ərazisində yerləşən "Lahıc" və "Basqal" Dövlət Tarix-Mədəniyyət qoruqlarında elmi araşdırmalar və arxeoloji tədqiqatlar aparılır. Heydər Əliyev Fondu tərəfindən “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşən "Bədöyün məscidi"ndə bərpa işləri həyata keçirilərkən yüzlərlə əlyazma və çap nüsxələri üzə çıxarılıb. Dövlət Turizm Agentliyinin dəstəyi ilə həmin əlyazma və çap nüsxələrinin öyrənilməsinə başlanılıb.
2020-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin elmi işçisi Şəhla Xəlillinin rəhbərlik etdiyi ekspedisiya hər iki qoruqda qədim əlyazmaları və nəşrləri sistemləşdirib. Üzə çıxarılmış əlyazmaların ilkin tədqiqat işləri həyata keçirilib. Ekspedisiyanın işinə Əlyazmalar İnstitutunun Multidissiplinar şöbəsinin elmi işçisi, ərəb və fars dilli oxunması üzrə mütəxəssis Rüxsarə Məmmədova da qoşulub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə məlumat verən Şəhla Xəlilli deyib: “Çox pis şəraitdə saxlanılan və ya gizlədilən kağız nümunələri aşınmaya, çürüməyə, müxtəlif gəmirici və həşəratlar tərəfindən zədələnməyə məruz qalıb. Kağız nümunələri müxtəlif alaq otları, bitkilərin hissələri və saman qalıqlarından ayırd edilib. Fondlara cəlb edilən həmin əlyazma, kitab və sənədlər tozdan və çirkdən çox çətinliklə və xüsusi üsullar tətbiq edilərək təmizlənib. Hər iki qoruğun fondunda saxlanılan kağız nümunələri xüsusi qutulara yığılaraq laborator işlərin aparılması üçün götürülüb. Tədqiqatın gedişində kağız nümunələri beş tipə ayrılıb: dini əlyazmalar, dünyəvi əlyazmalar, dini çap kitabları, dünyəvi çap kitabları və sənədlər. Ayrıca səhra inventar kitabı tərtib olunub, tiplər üzrə kağız nümunələri inventarlaşdırılıb”.
Ş.Xəlilli bildirib ki, tədqiqat zamanı “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunda 702 inventar sayı altında 10 min vərəqdən çox, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunda isə 158 inventar sayı altında 3 min vərəqdən çox əlyazma və kitab fondu işlənilib. Qoruqların əlyazma fondu ekspedisiyanın hazırladığı səhra inventar kitabı əsasında öz inventar kitabını formalaşdıra biləcək, gələcək tədqiqatlar zamanı pasportlaşdırma və kataloqlaşdırma işləri aparılacaq, nəşrlər həyata keçiriləcək.
“Bədöyün məscidi”nin kağız nümunələrinin təmizlənməsi, siyahıya alınması və inventarlaşdırılması işi başa çatdırıldıqdan sonra müəyyən olunub ki, bu məscid həm də mədrəsə, məktəb kimi fəaliyyət göstərib. Belə ki, tədqiq olunan kitabların əksəriyyəti mədrəsə və ya məktəb fəaliyyəti ilə bağlıdır. Burada dini kitablardan əlavə dilə, ədəbiyyata, tibbə, coğrafiyaya, astronomiyaya dair əlyazma və çap kitabları da mövcuddur. Aydın olur ki, mədrəsədə dini dərslərdən başqa dünyəvi dərslər də keçirilib, müxtəlif yerlərdən kitablar gətirilib. Bununla yanaşı, Lahıc məktəbini formalaşdıran görkəmli pedaqoq Qafur Rəşad Mirzəzadənin sənədləri və kitablarının bu kolleksiya içərisində olması Çar Rusiyası dövründəki Lahıc məktəbi və kitabxanası haqqında da bilgilər verir.
“Əlyazma, çap, daşbasma, Kazan çapı olan kitablara rast gəlinib. Bəzi əlyazma kitabları qızılı haşiyə ilə bəzənib, bəziləri isə adi boya ilə rənglənib. Əlyazma kitabları Avropa, rus və Şərq filiqranlarına yazılıb. Yazılar sarı, yaşıl və mavi kağızlardadır. Bəzi kağızlar səliqəli, bəziləri isə kobud şəkildə düzəlib. Kitabların əksəriyyətinin cildləri xarab olub, çürüyüb, bəzilərinin cildi isə ümumiyyətlə qalmayıb. Buna səbəb isə kitabların saxlanılma şəraiti olub. Cildi olan əlyazma kitablarının bərpası vacibdir. Tədqiq olunan kitablar arasında çox sayda daşbasma üsulu ilə çap olunmuş böyük və orta boy kitablar mövcuddur. Bundan başqa, Kazan çapı və müasir çap üsulunda böyük, orta və kiçik boyda kitablar da var. Bəzi çap kitabları əlyazma kitabı kimi haşiyələnərək rənglənib. Bəzilərində isə mövzuya aid maraqlı illüstrasiyalar çəkilib. Sistemləşdirmə aparılarkən muzeyşünaslıq baxımından dəyər kəsb edən əlyazma və kitablar müəyyən olunub. Kitablar qədimliyinə, kağızına, yazısına görə seçilib. Bu kitablar bərpa olunduqdan sonra muzeylərdə nümayiş etdirilə bilər”, - deyə Şəhla Xəlilli əlavə edib.




Xəbərin mətnində orfoqrafik səhv var