ELM VƏ TƏHSİL


Bakı Ali Neft Məktəbi “Petrobowl” yarışının qalibi olub

Bakı, 21 aprel, AZƏRTAC

Bakı Ali Neft Məktəbinin (BANM) “SPE BHOS” komandası Beynəlxalq Neft Mühəndisləri Cəmiyyəti (SPE) tərəfindən təşkil edilən beynəlxalq “Petrobowl” yarışının regional turunun qalibi olub.

BANM-dən AZƏRTAC-a bildirilib ki, Xəzər və Rusiya regionlarını əhatə edən yarışda ümumilikdə 22 komanda mübarizə aparıb. Yarışda ölkəmizi Bakı Ali Neft Məktəbi ilə yanaşı, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Xəzər Universiteti də təmsil edib.

Birinci yerə çıxan “SPE BHOS” komandasının üzvləri Bakı Ali Neft Məktəbinin neft-qaz mühəndisliyi ixtisasının tələbələri Toğrul Tahirov, Kənan Məmmədov, Rəhimə Abbasova, Elnur Əskərov və Xalid Orucovdur. Beləliklə, BANM-in komandası bu il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək SPE-nin illik texniki konfransı və sərgisi çərçivəsində “Petrobowl” yarışının finalına vəsiqə qazanıb.

Qeyd edək ki, beynəlxalq “Petrobowl” yarışması Beynəlxalq Neft Mühəndisləri Cəmiyyətinin tələbələrin inkişafı üzrə həyata keçirdiyi proqramlardan biridir. Bu yarışmada tələbələr komanda şəklində iştirak edirlər. Yarışma bir neçə mərhələdən ibarət olur və hər bir mərhələdə iştirakçı komandalar texniki və qeyri-texniki suallara cavab verir. Yarışma 2002-ci ildən bəri öz miqyasına və populyarlığına görə seçilir. 2015-ci ildə yarışmanın 6 regionda təşkil olunması ilə onun beynəlxalq statusu təmin olunub. “Petrobowl” çempionatı hər il beynəlxalq səviyyədə müxtəlif ölkələrdə keçirilir və səkkiz regiondan səkkiz komanda bu yarışda iştirak edir. Regionlardan hansı komandanın beynəlxalq yarışa vəsiqə qazanacağı “Petrobowl” regional çempionatında müəyyən edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.