ELM VƏ TƏHSİL
Ağdaşda üç məktəb binası və bir uşaq bağçası istifadəyə verilmişdir
Ağdaş, 15 sentyabr (AZƏRTAC). Sentyabrın 15-də Ağdaş şəhərində, rayonun Abad və Ovculu kəndlərində yeni məktəb binaları və şəhərdəki 11 nömrəli uşaq bağçası istifadəyə verilmişdir.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə təşkil olunan mərasimlərdə rayon icra hakimiyyətinin, təhsil şöbəsinin rəhbər şəxsləri iştirak etmişlər. Çıxış edənlər bildirmişlər ki, son illər ölkədə müasir tipli yeni məktəb binalarının inşası geniş vüsət almış, təhsilin inkişafına dövlət qayğısı ildən-ilə artmışdır. Bu günkü şagirdlərin parlaq gələcəyə sahib olması, onların mükəmməl təhsilə yiyələnməsi üçün dövlət səviyyəsində atılan səmərəli addımlar Ağdaşda da təhsilin inkişafına müsbət təsir göstərmiş, yeniliklər gətirmişdir.
Məlumat verilmişdir ki, yeni istifadəyə verilən 220 şagird yerlik Abad kənd və 80 yerlik Ovculu kənd məktəbləri və əsaslı şəkildə təmir olunan Ağdaş şəhər 1 nömrəli məktəbi və 11 nömrəli uşaq bağçası hər cür müasir texniki avadanlıq və invertarla təchiz edilmişdir. Yaxın günlərdə 180 yerlik Qəribli və Şordəhnə kənd məktəblərinin yeni binalarının da istifadəyə verilməsi nəzərdə tutulur. Bildirilmişdir ki, hazırda rayonun Kotanarx, Cardam, Eymur, Qaradağlı kəndlərində 180, Qaraoğlan kəndində 80 şagird yerlik məktəb binalarının və Ağdaş şəhərindəki 1 nömrəli uşaq bağçası üçün yeni binanın inşası davam etdirilir.
Tədbirlərdə məktəb direktorlarının, müəllim və şagirdlərin, kənd ağsaqqallarının təbriki, xeyir-duası dinlənilmiş, yeni təhsil müəssisələrinin açılışını bildirən rəmzi qırmızı lent kəsilmiş və məktəblərdə tədris üçün yaradılmış şəraitlə tanışlıq olmuşdur.
Birinci sinif şagirdlərinə Heydər Əliyev Fondunun hədiyyəsi olan çanta və məktəbli ləvazimatları verilmişdir.