REGİONLAR
Ağsuda şəhidin xatirəsinə bulaq tikilib
Ağsu, 20 dekabr, AZƏRTAC
Ağsu rayonunun Gəgəli kəndində Vətən müharibəsi şəhidi Süleymanlı Elmir Aqil oğlunun xatirəsinə tikilən bulağın açılışı olub. Açılış mərasimində rayon rəhbərliyi, şəhid ailələri, kənd sakinləri, şəhidin yaxınları iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə şəhidin kənd qəbiristanlığındakı məzarı ziyarət olunub, üstünə çiçəklər düzülüb, ruhuna dua oxunub. Elmirin böyüyüb boya-başa çatdığı məhəllədə inşa olunan və ətraflında çiçəklər əkilən bulağın açılışında Azərbaycanın Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda ötən il sentyabrın 27-də başlanan, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qırx dörd gündə başa çatan Vətən müharibəsində qazanılan tarixi Qələbədən danışılıb, Elmir və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığı vurğulanıb. Bildirilib ki, adlarını tarixə yazdıran şəhidlərimizin xatirəsi hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq.
Şəhid Elmirin yaxınları, müəllimləri, dostları onunla bağlı xatirələrini söyləyib, 20 yaşı tamam olmadan şəhidlik zirvəsinə ucalan bu gəncin qoçaq, vətənsevər olduğunu bildiriblər.
Gəgəli kəndindən Birinci və İkinci Qarabağ müharibəsində 13 şəhid olub. Onlardan 4-dü, o cümlədən Elmir İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalıb. Elmir Süleymanlı Vətən müharibəsində Füzuli, Cəbrayıl, Zəngilan, Hadrut, Xocavənd istiqamətlərində gedən döyüşlərdə igidliklə vuruşub. 2020-ci il oktyabrın 20-də Xocavənd uğrundakı döyüşlərdə şəhid olub. “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilib.