ELM VƏ TƏHSİL
1 nömrəli Bakı Tibb Kollecində gözdən əlil abituriyentlər üçün qəbul planı ayrılıb
Bakı, 29 iyul, AZƏRTAC
Əlillərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi, onların məşğulluq səviyyəsinin artırılması məqsədilə 2014/2015-ci tədris ilindən başlayaraq 1 nömrəli Bakı Tibb Kollecinin “İdman və müalicə masajı” ixtisasına gözdən əlil olan gənclər üçün dövlət hesabına plan yerləri ayrılır. 2016/2017-ci tədris ili üçün də həmin ixtisasa gözdən əlil abituriyentlər üçün plan yerləri ayrılıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildiriblər ki, həmin yerlər üzrə müsabiqədə iştirak etmək arzusunda olan 1-ci və 2-ci dərəcəli gözdən əlil abituriyentlər aşağıda göstərilən sənədləri avqustun 1-dən 15-dək TQDK-ya (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1m ) və ya Komissiyanın Regional bölmələrinə təqdim etməlidirlər: Tibbi Sosial Ekspert Komissiyaları tərəfindən verilən əlilliyi təsdiq edən arayış; yaşadığı ərazi üzrə poliklinikadan “peşəyə yararlılıq haqqında” tibbi arayış (AZS №086); “Abituriyentin elektron ərizəsi”.
Müsabiqə bu il iyulun 5-də keçirilmiş imtahanın nəticələrinə əsasən aparılacaq. Cari ilin məzunları isə müsabiqədə buraxılış imtahanının nəticələrinə əsasən iştirak edəcəklər.
Müsabiqədə ümumi balı 20-dən, Ana dili və riyaziyyat fənlərinin hər birindən minimal balı 8-dən az olmayan (xarici dil və ya kimya fənni üzrə minimal bal məhdudiyyəti tətbiq olunmur) abituriyentlər iştirak edə bilərlər.