REGİONLAR
2005-Cİ İL QAZAXLILAR ÜÇÜN UĞURLU OLUB
İclasın işində Prezidentin İcra Aparatının məsul işçisi Şirəli Əhədov və respublikanın Baş prokuroru Zakir Qaralov iştirak etmişlər.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, hesabat toplantısından öncə, rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri və qonaqlar ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil, gül-çiçək dəstələri qoymaqla, onun xatirəsini ehtiramla yad etmişlər.
Geniş şura iclasında Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rauf Hüseynov hesabat məruzəsi ilə çıxış etmişdir. O, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasında, respublika iqtisadiyyatının inkişafında ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətlərindən və bu gün dahi şəxsiyyətin siyasi kursunu müvəffəqiyyətlə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi əzəmətli işlərdən söhbət açmışdır. Məhz respublika Prezidentinin həyata keçirdiyi məqsədyönlü tədbirlər sayəsində, ölkəmizdə olduğu kimi, Qazax rayonunda da iqtisadi, sosial yüksəlişə nail olunur. Prezidentin 2004-cü il 11 fevral tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı” Dövlət Proqramına qazaxlılar da əməli işlə cavab verirlər. Ötən il işsizliyin aradan qaldırılması üçün lazımi tədbirlər görülərək, 550 daimi iş yeri açılmışdır. Sahibkarlara qayğı göstərilərək, müxtəlif məhsulların istehsalı xeyli artırılmışdır.
Məruzədə rayon iqtisadiyyatının əsasını bitkiçilik və heyvandarlıq təşkil etdiyi vurğulanmışdır. Natiq daha çox heyvandarlığın inkişafından söz açaraq, 2004-cü ilə nisbətən qaramalın 414 baş, davarın isə 2985 baş artdığını göstərilmiş, ət, süd, yun, yumurta istehsalında da yaxşı nəticələrin əldə olunduğu qeyd edilmişdir.
Kənd təsərrüfatı məhsulları istehsalının artırılması və yeni emal sexlərinin yaradılması üçün müxtəlif təşkilatlardan 463 nəfərə 3 milyard 39 milyon manat (köhnə pulla) kredit verilmiş, kəndli-fermer təsərrüfatlarının inkişafına daim qayğı göstərilmişdir. Son illərdə rayonda istehsal olunan kənd təsərrüfatı məhsullarının emalı üçün “Şahniyar”, “Göyəzən” MMC və digər müəssisələr yaradılmışdır.
Natiq şəhərdə aparılan tikinti-abadlıq işlərindən danışaraq ümummilli liderimiz Heydər Əliyevin şərəfinə salınmış yeni parkda ulu öndərin qranitdən əzəmətli heykəlinin ucaldıldığını, mütəfəkkirlər bağının salındığını, yeni fəvvarə komplekslərinin və s. abidələrin qoyulduğunu, şəhərin küçə və meydanlarının yenidən qurularaq, abadlaşdırıldığını diqqətə çatdırmışdır. Yuxarı Salahlı kəndində Səməd Vurğun poeziya evi, Dövlət rəsm qalereyası, Qazax mədəniyyət evi, qonaq evi, onlarca məktəb binası müasir dövrün tələblərinə uyğun təmir edilmişdir.
Hesabat dövründə 110 metr uzunluğunda bənd, Ağstafaçay üzərində 130 metr uzunluğunda körpü tikilərək istifadəyə verilmişdir. Ölkə Prezidentinin təşəbbüsü ilə daha iki nəhəng obyekt - Olimpiya kompleksi və Diaqnostika Mərkəzi inşa olunmaqdadır.
Məruzədə rayonda səhiyyə, təhsil, mədəniyyət, nəqliyyat, rabitə və digər sahələrdəki uğurlardan söhbət açılmış, Heydər Əliyev Fondu hesabına Hüseynbəyli və Aşağı Salahlı kəndlərinin də hər birində 400 yerlik məktəb binalarının tikilərək, istifadəyə verildiyi rayonda təhsilə qayğının təzahürü kimi göstərilmişdir.
Məruzədə bəzi sahələrdə olan nöqsanlardan da danışılmışdır.
Məruzədən sonra gənclər adından Anar Vəliyev, ziyalılar adından şair Barat Vüsal, müəllim Rəqsanə Xanbabayeva, həkim Şaiq Mehdiyev çıxış edərək, hesabat məruzəsinə münasibətlərini bildirmişlər.
Yığıncaqda respublikanın Baş prokuroru Zakir Qaralov çıxış etmişdir.
Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.