İQTİSADİYYAT
2008-Cİ İLİN DOQQUZ AYINDA ASTARANIN SOSİAL-İQTİSADİ İNKİŞAFININ YEKUNLARI MÜZAKİRƏ EDİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Astara Rayon İcra Hakimiyyəti başçısı yanında geniş şura iclasında 2008-ci ilin doqquz ayında sosial-iqtisadi inkişafın yekunları müzakirə edilmişdir.
İdarə, müəssisə və təşkilat rəhbərlərinin, qeyri-hökumət təşkilatları və yerli sahibkarların təmsilçilərinin iştirak etdikləri tədbirdə rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Nazirlər Kabinetinin 2008-ci ilin doqquz ayında sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş geniş iclasında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələri diqqətə çatdırmışdır.
İcra hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Xanverdi Şirinov 2008-ci ilin doqquz ayının yekunları və qarşıda duran vəzifələr barədə hesabat məruzəsi ilə çıxış etmişdir.
Cari ilin doqquz ayında rayonda ümumi daxili məhsul istehsalı həcminin ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,1 faiz artdığını vurğulayan məruzəçi, bu artımın kənd təsərrüfatında 4,5 faiz, sənayedə 2,7 faiz, rabitə xidmətində 14,7 faiz, pullu xidmətlərdə 58,7 faiz, əmtəə dövriyyəsində 7,2 faiz təşkil etdiyini, əsas kapitala investisiya qoyuluşunun 2,2 dəfə artdığını vurğulamışdır.
Bildirilmişdir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan tədbirlərə müvafiq olaraq 2008-ci ilin doqquz ayında Astara şəhərində Qarabağ əlilləri və şəhid ailələri üçün 32 mənzilli bina inşa edilmişdir. Maşxan kəndində kərpic zavodu, Siyaku kəndində asfalt və qum-çınqıl zavodları, Astaranın mərkəzi meydanında Heydər Əliyev parkı və muzeyi, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi üçün inzibati bina tikilmişdir. Şahağac kənd 2 nömrəli orta məktəbi üçün 360, Şiyəkəran kənd 2 nömrəli orta məktəbi üçün 420, Astara şəhər 4 nömrəli orta məktəbi üçün 400, Səncərədi kənd orta məktəbi üçün 360, Pensər kənd 2 nömrəli orta məktəbi üçün 480, Rinə kənd orta məktəbi üçün 360, Marzəsə kənd əsas məktəbi üçün 180 şagird yerlik yeni məktəb binaları tikilmiş, şəhər 3 nömrəli və Ərçivan kənd 4 nömrəli orta məktəbləri əsaslı təmir edilmiş, Kijəbə qəsəbəsinə, Səncərədi, Alaşa, Təngərüd, Maşxan və Qapıçıməhəllə kəndlərinə təbii qazın verlməsi bərpa olunmuşdur.
Yığıncaqda çıxış edənlər 2008-ci ilin doqquz ayında sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlərdən ətraflı söhbət açmaqla yanaşı, mövcud nöqsanları da ətraflı təhlil etmiş, problemlərin həlli ilə bağlı təkliflərini bildirmişlər.