İQTİSADİYYAT
2011-ci ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 138 milyon manat güzəştli kredit verilmişdir
Bakı, 2 mart (AZƏRTAC). Ölkə iqtisadiyyatının prioritet sahələrindən olan aqrar sektorda intensiv metodların tətbiqinin genişləndirilməsi, dövlət dəstəyi tədbirlərinin davam etdirilməsi, quşçuluq və heyvandarlıq komplekslərinin, intensiv bağçılıq təsərrüfatlarının, istixanaların və məhsulların saxlanılması üçün anbar infrastrukturunun yaradılması qeyri-neft ixracının artırılmasına imkan vermişdir.
Bu barədə fevralın 28-də “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda iqtisadi inkişaf naziri Şahin Mustafayev demişdir.
Nazir vurğulamışdır ki, eyni zamanda, bir çox məhsul növləri üzrə yerli istehsal hesabına təminat səviyyəsi artmış və yaxın 2-3 ildə bu sahədə daha yüksək nəticələr əldə etmək üçün zəmin yaradılmışdır. Belə ki, təkcə Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən istifadə etməklə, hazırda 23 quşçuluq fabrikinin, 5 heyvandarlıq kompleksinin, 14 soyuducu və taxıl anbarının, 13 istixana kompleksinin, 5 süd emalı, 3 ət emalı, 4 konserv, 8 çörək zavodlarının və digər müəssisələrin tikintisi aparılır.
Ümumilikdə, 2011-ci ildə Fondun vəsaitləri hesabına 1643 sahibkara 138 milyon manat güzəştli kredit verilmiş və bu kreditlər hesabına 6 min 500-dək yeni iş yerinin yaradılması nəzərdə tutulmuşdur. Verilmiş kreditlərin 75 faizi regionların payına düşür.
İl ərzində güzəştli kreditlər hesabına maliyyələşdirilmiş 33 istehsal, emal, infrastruktur müəssisələri istifadəyə verilmiş, 96 müəssisənin bu il istifadəyə verilməsi gözlənilir.