DÜNYA
2012-ci ildə Fransada işsizlərin sayı 10,2 faiz artmışdır
Paris, 9 mart (AZƏRTAC). Avro məkanında tüğyan edən işsizlik Fransadan da yan keçməmişdir. Ölkənin statistika institutunun məlumatına görə, 2012-ci ildə işsizlərin sayı 10,2 faiz artmışdır.
Məlumatda bildirilir ki, işsizlər arasında artım daha çox paytaxtda qeydə alınmışdır. Paytaxtın 15-24 yaşlı sakinləri işsizlər ordusunun 25,7 faizini təşkil edir.
Ölkənin əmək naziri son 5 ildə işsilərin sayının durmadan artdığını qeyd etmiş, bunun gələcəkdə təhlükəli problem doğurmaması üçün hökuməti təcili olaraq Avropa Komissiyası ilə birlikdə ölçü götürməyə çağırmışdır.
Nazir 2012-ci ilin dördüncü rübündə paytaxtda 2,944 milyon nəfər işsizin qeydə alındığını, bu rəqəmin üçüncü rüblə müqayisədə 124 min artıq olduğunu bildirmişdir.
Nazir hökumət tərəfindən işsizliyin qarşısını almaq üçün müəyyən addımlar atılmadığı təqdirdə, 2013-cü ildə işsizlərin sayının 11,5 faiz təşkil edəcəyini demişdir.
Hökumət rəsmiləri isə ilin sonunadək işsizlərin sayının azalacağına ümid etdiklərini açıqlamışlar.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris