CƏMİYYƏT
2014-cü ildə Azərbaycanın ən yaxşı stritbolçusu “Red Bull King of the Rock” turnirində müəyyən ediləcəkdir
Bakı, 27 iyun (AZƏRTAC). İyulun 5-də Bakıda küçə basketbolu üzrə “Red Bull King of the Rock” (“Təkbətək”) adlı unikal turniri keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, “Red Bull King of the Rock 2014” turnirinin milli seçim mərhələsinin qalibi sentyabrın 6-da Tayvanda keçiriləcək final yarışında ölkəmizi təmsil edəcəkdir.
Tayvanda keçiriləcək turnirin qalibi çempion titulundan əlavə, həm də VIP-tur mükafatı - oktyabrın 11-12-də Las-Veqasda keçiriləcək “Air Race” yarışında iştirak etmək hüququ qazanacaqdır.
“Red Bull King of the Rock” turnirinin finalında dünyanın 26 ölkəsinin - Azərbaycan, Tayvan, Bəhreyn, Küveyt, Livan, Anqola, Tunis, Yaponiya, Honkonq, Gürcüstan, Qazaxıstan, Hindistan, İordaniya, Filippin, Türkiyə, Meksika, ABŞ, İspaniya, İtaliya, Serbiya, Almaniya, Rusiya, Latviya, Litva, Malta və Belarusun nümayəndələri iştirak edəcəklər.