20 YANVAR FACİƏSİNİN İLDÖNÜMÜ GÜRCÜSTANDA DA QEYD OLUNUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, keçmiş sovet imperiyası hərbçilərinin 1990-cı il yanvarın 20-də Bakı şəhərində törətdiyi faciənin 17-ci ildönümü ölkəmizin Tbilisidəki səfirliyinin təşəbbüsü ilə Gürcüstanda da qeyd olunur. Yanvarın 19-da Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli və Qardabani rayonlarında Ümumxalq hüzn günü ilə əlaqədar mərasimlər keçirilmişdir.
Hər iki mərasimdə səfirliyimizin əməkdaşları, Azərbaycan və gürcü ictimaiyyətinin, Gürcüstan hökumətinin, ölkədə akkreditə olunmuş diplomatik korpusun, bölgə qubernatorluğunun, yerli özünüidarə orqanlarının, KİV-lərin nümayəndələri iştirak etmişlər.
Mərasimlərin iştirakçıları Azərbaycan xalqının azadlığı uğrunda mübarizədə hiyləgər ermənilərin fitnə-fəsadı ilə imperiya cəlladları tərəfindən qanına qəltan edilən qeyrətli vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla anmışlar. Şəhidlərin ruhuna dualar oxunmuşdur. Çıxış edənlər ölkələrinin müstəqilliyi uğrunda dinc aksiyalar keçirən həm Azərbaycan, həm də Gürcüstan vətəndaşlarına xüsusi qəddarlıqla divan tutanları lənətləmiş və imperiyanın bununla iki dost və qardaş xalqın iradəsini qıra bilmədiyini vurğulamışlar.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin o dövrdə Bakı qırğını ilə bağlı həyatını təhlükədə qoyaraq, 20 Yanvar faciəsinə əslində, ilk siyasi qiymət vermiş, xalqımıza qarşı törədilən vəhşilikləri dünya ictimaiyyətinə əsaslı dəlillərlə bəyan etməsi faktı hər iki mərasimdə minnətdarlıqla xatırlanmışdır. Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışının ölkənin dirçəlişində, milləti ona qarşı yönəldilmiş bəlalardan xilas etməkdə, Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olmasında mühüm rol oynadığı xüsusi vurğulanmış və bu gün ulu öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyindən, dövlətçiliyimizin möhkəmlənməsi istiqamətində qətiyyətli addımlar atıldığından məmnunluq ifadə olunmuşdur.
Mərasim iştirakçıları faciəyə həsr olunmuş foto və kitab ekspozisiyasını həyəcanla nəzərdən keçirmiş, kinofilmə baxmışlar.
Sonda Azərbaycanın dost ölkədəki səfirliyinin birinci katibi Elxan Poluxov bildirmişdir ki, yanvarın 20-də Bakı faciəsinin 17-ci ildönümü ilə əlaqədar Tbilisidə matəm tədbiri keçiriləcəkdir.