QAN YADDAŞI
20 Yanvar faciəsi qurbanlarının xatirəsi Milli Kitabxanada anılıb
Bakı, 17 yanvar, AZƏRTAC
Yanvarın 17-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “20 Yanvar faciəsinin 29-cu ildönümünün keçirilməsi ilə bağlı Tədbirlər Planı”na əsasən Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə “20 Yanvar – Ümumxalq hüzn və qürur günüdür” mövzusunda kitab sərgisi və filmin nümayişi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Kitabxananın direktoru Kərim Tahirov 20 Yanvar hadisələri haqqında danışaraq milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirildiyini və ölkəmizin müstəqilliyi, suverenliyi uğrunda canlarını qurban verən şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu söyləyib. O, 20 Yanvar hadisələrinin təkcə faciə olmadığını, həm də Azərbaycan xalqının şanlı qəhrəmanlıq tarixinin parlaq səhifəsi olduğunu bildirib.
Tədbir zamanı Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş film nümayiş olunub.
Milli Kitabxananın direktor müavini Mələk Hacıyeva çıxışında sovet rejiminin dinc əhaliyə qarşı törətdiyi qanlı qırğının – 20 Yanvar hadisələrinin Azərbaycan xalqının qəhrəmanlıq şəhadəti, köləlikdən azadlığa, müstəqilliyə doğru gedən yolun başlanğıcı olduğunu qeyd edib. Vurğulanıb ki, bu gün Azərbaycan xalqı yaşayır, Azərbaycan dövləti iri addımlarla müstəqil şəkildə iqtisadiyyatını gücləndirir və ölkəmiz qabaqcıl ölkələr sırasında irəliləyir.
Tədbirdə kitabxananın direktor müavini Ədibə İsmayılova çıxış edərək 1990-cı ilin 20 Yanvar hadisəsinin Azərbaycan xalqının tarixində ağır bir hadisə olduğunu, xalqın iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədiyini söyləyib. Həmin gecədə həlak olan vətən oğullarının Azərbaycanın tarixinə parlaq səhifə yazmalarından, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açmalarından bəhs edib. Bildirib ki, Milli Kitabxana Azərbaycan xalqının başına gətirilən 20 Yanvar faciəsi haqqında tarixi həqiqətləri ölkə və dünya ictimaiyyətinə çatdırmaq üçün daim müxtəlif kütləvi tədbirlər, o cümlədən kitab sərgiləri, kitab təqdimatları, film nümayişləri keçirir. Kitabxananın saytında “20 Yanvar” faciəsi ilə bağlı elektron məlumat bazası yerləşdirilib və burada bütün informasiyalar və elektron resurslar daim yenilənir.
Daha sonra Milli Kitabxananın əməkdaşları Səyyarə Məmmədli və Tərlanə Əliyeva faciə qurbanlarına, şəhidlərimizə həsr etdikləri şeirlər söyləyiblər.
Sonda tədbir iştirakçıları 20 Yanvar faciəsinə həsr olunmuş və Azərbaycanda, xarici mətbuatda çap edilmiş, Azərbaycan, rus və digər dillərdə 300-dən artıq nəşri əhatə edən kitab sərgisi ilə tanış olublar.