QAN YADDAŞI


20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Yekaterinburqda da anım tədbiri keçirilib

Moskva, 18 yanvar, AZƏRTAC

Azərbaycanın Yekaterinburqdakı baş konsulluğunun təşkilatçılığı və Rusiya Azərbaycanlı Gənclər Birliyi Sverdlovsk vilayət bölməsinin iştirakı ilə 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Baş konsulluqdan AZƏRTAC-a bildiriblər ki, mərasimdə Sverdlovsk vilayətinin İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Merzlyakova, yerli dövlət qurumlarının nümayəndələri, ziyalılar, habelə Azərbaycan diasporunun Rusiyanın müxtəlif regionlarından olan üzvləri və burada yaşayan, təhsil alan azərbaycanlı gənclər iştirak ediblər.

Əvvəlcə Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda etmiş qəhrəman oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Azərbaycan xalqının sovet rejiminə qarşı milli azadlıq mübarizəsi, 1980-ci illərin sonundan başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və 20 Yanvar faciəsinə aparan yol, Mixail Qorbaçovun əmri ilə sovet qoşunları tərəfindən Bakıda törədilmiş qanlı hadisələr haqqında sənədli film nümayiş etdirilib.

Baş konsul İlqar İskəndərov mərasimdə çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet silahlı qüvvələrinin çoxsaylı kontingentinin heç bir xəbərdarlıq etmədən Bakıya yeridilməsi və hərbi texnikadan, müxtəlif silahlardan atəş açılaraq yüzdən çox sakinin, o cümlədən qadın və uşaqların xüsusi qəddarlıqla qətlə yetirilməsindən danışıb. Baş konsul xalqımızın ümummilli lideri Heydər Əliyevin özünün və ailə üzvlərinin həyatına olan təhlükəyə baxmayaraq, hadisənin səhəri günü Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək Bakıda törədilmiş hərbi cinayətə qarşı etirazını bildirməsini, günahkarların cəzalandırılmasını tələb etməsini və etiraz əlaməti olaraq Sovet İttifaqı Kommunist Partiyası sıralarından çıxmasını tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, gənc nəslə ölkəmizin müstəqilliyi uğrunda həlak olan qəhrəmanlarımızı heç bir zaman unutmamağı və tariximizin bu qanlı səhifələri barədə məlumatları gələcək nəsillərə ötürməyi tövsiyə edib.

Mərasimdə Sverdlovsk vilayətinin insan hüquqları üzrə müvəkkili T.Merzlyakova, “Qızıl qələm” mükafatı laureatı, şair İradə Eldarlı, Azərbaycan diasporunun nümayəndəsi Mənzər Cəfərova, yerli ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbələr - Mirağa Nəzərov və Rəsul Ağamuradov çıxış ediblər.

Sonda Azərbaycan diasporunun dini nümayəndəsi tərəfindən şəhidlərimizin ruhuna dualar oxunub və xatirələri dərin ehtiramla yad edilib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.