QAN YADDAŞI
20 Yanvar qan yaddaşımızdan silinməyəcək
Bakı, 18 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları universitetin şəhid olmuş üç tələbəsinin - Rahim Babayev, Canpolad Orucov və Ağabəy Novruzbəylinin barelyefləri önünə gül dəstələri düzüb, şəhidlərin əziz xatirəsi anılıb.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, şəhidlərin ailə üzvlərinin də iştirak etdikləri tədbirdə universitetin rektoru, professor Mustafa Babanlı keçmiş Sovet imperiyası ordusunun 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda və ayrı-ayrı şəhər və rayonlarımızda törətdikləri qanlı hadisələrdən danışıb. Rektor o müdhiş gecədə ADNSU-nun şəhid olan tələbələrinin müstəqillik və azadlıq yolunda əsl qəhrəmanlıq nümunələri göstərdiklərini diqqətə çatdırıb, şəhidlərin əziz xatirəsinin heç zaman unudulmayacağını bildirib.
Digər çıxış edənlər də həmin gün keçmiş Sovet imperiyası ordusunun Bakıda dəhşətli cinayətlər törətdiyini, bu hadisənin xalqımızın qan yaddaşından silinməyəcəyini vurğulayıblar.