CƏMİYYƏT
20 Yanvara həsr olunan inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıblar
Bakı, 22 yanvar, AZƏRTAC
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda Bakı şəhər orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında keçirilmiş inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Gəncliyə Yardım Fondunda təşkil olunmuş tədbirdə BŞGİBİ-nin rəis müavini Aydın Yusifov, Fondun icraçı katibi Sedat Dəmir, “20 Yanvar” Cəmiyyətinin sədri Sultan Əzimzadə, gənclər və yazı müsabiqəsində qalib gələn məktəblilər iştirak ediblər.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Azərbaycanın dövlət himni səsləndirilib və 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edənlər 20 Yanvar faciəsindən 29 il keçməsinə baxmayaraq, bu hadisələrin heç vaxt yaddaşlardan silinməyəcəyini vurğulayıblar. Natiqlər 20 Yanvar faciəsinə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclisdə hüquqi qiymət verildiyini, Azərbaycan həqiqətlərinin dünyada tanıdılması istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıblar.
Çıxışlardan sonra müsabiqə qalibləri və fərqlənmiş iştirakçılar mükafatlandırılıblar.
Birinci yerə Arifə Babayeva (Xəzər rayonu, 149 saylı orta məktəb), ikinci yerə Xədicə Yaqubova (Binəqədi rayonu, 83 saylı orta məktəb), üçüncü yerə isə Limanə Teyyubova (Xətai rayonu, 86 saylı orta məktəb) layiq görülüblər.