CƏMİYYƏT


Ölkəyə idxal olunmuş pestisid məhsulunda uyğunsuzluq aşkarlanıb

Bakı, 12 avqust, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrə fitosanitar nəzarət tədbirlərini davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, fiziki şəxs Atakişiyev Məhərrəm Əmirxəlil oğlu tərəfindən Çin Xalq Respublikasından idxal olunan, ümumi çəkisi 3500 kiloqram “TİTAN 350 SC” adlı pestisid məhsuluna baxış keçirilib.

Baxış zamanı götürülmüş nümunələrin Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinəsi nəticəsində məhsulun saxtalaşdırıldığı, etiket məlumatları ilə tərkibinin uyğunsuz olduğu müəyyən edilib. Aşkar olunmuş uyğunsuzluqla əlaqədar pestisidin istifadə təyinatı üzrə tətbiqinə icazə verilməyib. Təqdim olunan sənədlərin həqiqiliyinə dair şübhələr yarandığından, məsələnin araşdırılması məqsədilə idxalçı ölkənin aidiyyəti qurumuna sorğu göndərilib.

Müraciət əsasında preparata dair mənşə sertifikatının verildiyi Çin Xalq Respublikasının Beynəlxalq Ticarətin Təşviqi üzrə Çin Şurası tərəfindən göndərilmiş cavab məktubunda sertifikatın saxta olduğu bildirilib. Faktla əlaqədar qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülməsi üçün aidiyyəti dövlət qurumlarına məlumat verilib.

Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi saxta və keyfiyyətsiz pestisid və aqrokimyəvi maddələrin dövriyyəyə çıxarılması ilə bağlı nəzarət tədbirlərini gücləndirib. Sahibkarlıq subyektləri tərəfindən saxta məhsulların təsərrüfatlarda istifadəsi yolverilməzdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.