CƏMİYYƏT
FAO: torpaqlarda qida maddələrinin itirilməsi nəticəsində meyvə-tərəvəzin keyfiyyətini aşağı düşür
Bakı, 6 dekabr, AZƏRTAC
Torpaq qida məhsullarının 95 faizini, həmçinin içməli suyu təmin edir. Lakin torpağın münbitliyi ilbəil azalır. Hazırda bütün dünyada torpaqların 33 faizi deqradasiyaya uğrayıb.
AZƏRTAC xəbər verir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) bu məlumatı dekabrın 5-də qeyd edilən Ümumdünya Torpaq Günü münasibətilə açıqlayıb.
FAO ekspertləri qeyd edirlər ki, torpağın deqradasiyaya uğramasının əsas mənfi nəticələrindən biri onun tərkibindəki qidalı maddələrin itirilməsidir. Orqanizmlərdən, minerallardan və üzvi komponentlərdən ibarət olan torpaq insanlar və heyvanlar üçün qidanı təmin edir. Kiçik bir torpaq parçasının tərkibindəki canlı orqanizmlərin sayı Yer kürəsindəki insanların sayından çoxdur. Torpağın sağlam olması üçün onu müvafiq nisbətlərdə müxtəlif qida maddələri ilə təmin etmək lazımdır.
Lakin hər dəfə yeni məhsul yığılanda kənd təsərrüfatı sistemlərinin imkanı tükənir. Torpaq ehtiyatlarının davamlı idarə edilməsi təşkil olunmasa, onların münbitliyi tədricən itirilir. Nəticədə bizim istifadə etdiyimiz meyvə-tərəvəzin tərkibində də zəruri həcmdə qida maddələri olmur.
Son 70 ildə qida məhsullarının tərkibindəki vitaminlərin və qidalı maddələrin səviyyəsi kəskin şəkildə azalıb. Bu gün dünyada iki milyard nəfər aşkar edilməsi çətin olan “gizli aclıq”dan - mikroelementlərin çatışmazlığından əziyyət çəkir.
2022-ci ildə Ümumdünya Torpaq Günü və “Torpaqlar: yemək nədən başlanır” kampaniyası sağlam ekosistemlərin və insanın rifahının dəstəklənməsinin vacibliyi barədə məlumatın artırılmasına yönəlib.
FAO-da bildirirlər ki, 2050-ci ilə qədər dünyada ərzaq ehtiyatlarının təmin edilməsi üçün kənd təsərrüfatı məhsulları istehsalı 60 faiz artırılmalıdır. Bu məqsədə nail olmaq üçün torpaqların davamlı idarə olunmasını tənzimləmək lazımdır.