SİYASƏT
29 saylı Səbail seçki dairəsinin əhatə etdiyi seçki məntəqələrində səsvermə başlanmışdır
Bakı, 9 oktyabr (AZƏRTAC). Bakıdakı 29 saylı Səbail seçki dairəsi dairə seçki komissiyasının tərkibinə daxil olan seçki məntəqələrində prezident seçkiləri başlanmışdır.
Səsvermə seçicilərin yüksək fəallığı şəraitində keçir.
Dairə seçki komissiyasının katibi Zinnun Zərbəliyev AZƏRTAC-a bildirmişdir ki, 37 min 139 seçicinin qeydiyyatda olduğu 29 saylı Səbail seçki dairəsinin ərazisində 30 daimi seçki məntəqəsi və 11 isə müvəqqəti məntəqə fəaliyyət göstərir. Dairənin ərazisində mövcud olan bütün seçki məntəqələrində seçkilər demokratik və şəffaf şəraitdə davam edir. Bütün seçki məntəqələrində seçicilərin öz istədikləri namizədə səs vermələri üçün hər cür şərait yaradılmışdır.
Seçki məntəqələrinin yerləşdiyi binalarda təmir-bərpa işləri aparılmışdır. Məntəqələr lazımi texniki zəruri avadanlıqla tam təchiz edilmişdir. Şəffaflığın təmin olunması məqsədilə 12 məntəqədə veb-kameralar quraşdırılmışdır. Bütün məntəqələr Mərkəzi Seçki Komissiyası tərəfindən avadanlıq və təbliğat-təşviqat materialları ilə təmin olunmuşdur. Hər bir məntəqədə seçicilərin dəqiqləşdirilmiş siyahısı asılmışdır.
İlk dəfə olaraq 29 saylı Səbail seçki dairəsində müşahidəçilərin internetdən veb-kameraların vasitəsilə məntəqələri izləməsi üçün şərait yaradılmışdır.
Məntəqələrdə seçkilərin şəffaf və demokratik keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyəti üçün lazımi şərait yaradılmışdır.
Beynəlxalq və yerli müşahidəçilər məntəqə seçki komissiyalarında seçki prosesinin gedişini izləyirlər. Xarici və yerli kütləvi informasiya vasitələri seçkilərin işıqlandırılmasında iştirak edirlər. Məntəqələrin çıxışında isə “exit-poll” keçirilir.
29 saylı Səbail seçki dairəsinin Dənizçilərin Mədəniyyət Evinin binasında yerləşən 3 nömrəli, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən 2 nömrəli, 132-134 nömrəli təhsil kompleksində yerləşən 4 və 5 nömrəli seçki məntəqələrində seçicilərin fəallığı daha çox müşahidə olunur.