REGİONLAR
2-3 manata təklif edilən bir əsrlik kasalar, 600 manatlıq samovarlar, 10 min manata satılan xalçalar FOTO VİDEO
Quba, 10 avqust, Elxan Yusifli, AZƏRTAC
Quba sakini Ağacan Kərimov qədim xalçalar, pullar, küplər, xəncərlər, ütülər, samovarlar, misdən hazırlanan məişət əşyaları toplamaq üçün 30 ildən çox vaxt sərf edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda onun kolleksiyasında saxladığı və satışını həyata keçirdiyi dükanında 500-dən çox əntiq əşya var. Onların arasında 150-200 il yaşı olan xəncərlərə, bir əsrin yadigarı olan samovarlara, X-XIX əsrə aid pullara rast gəlmək olar.
Ağacan Kərimovun dükanındakı ən ucuz əşyalar alıcılara 2-3 manata təklif edilən keçən əsrin yadigarı olan kasalardır. Xırda məişət əşyaları içərisində mis fincanlar daha baha qiymətə - 50 manata satılır. Ən bahalı əşyalar sırasında xalça və samovarları göstərmək olar. Samovarlar alıcılara 150-600 manata təklif edilir. Xalçaların qiyməti isə ölçüsündən və toxunma ilindən asılı olaraq 100-10 min manat arasında dəyişir.
Bu əşyaları əldə etmək heç də asan başa gəlmir. Bəzi hallarda isə sakinlər evlərindəki qədim əşyaları dükana gətirib satmaq istədiklərini bildirirlər.
Qədim əşyaların satışı ilə məşğul olan Ağacan Kərimov bildirib ki, son illər ölkəmizə gələn əcnəbi turistlərin sayının xeyli artması qədim əşyalar və suvenirlər bazarında canlanma yaratmışdı. Amma bu il pandemiya səbəbindən xarici qonaqlar Qubaya gələ bilmir. Onun sözlərinə görə, başqa ölkələrdən gələn alıcılar daha çox toxuculuq məmulatlarına üstünlük verirlər.
Quba sakini dükana gələn turistlərə qədim əşyalarla yanaşı, ölkəmizi tərənnüm edən suvenirlər də təklif edir.