İDMAN


AĞASI MƏMMƏDOV DA BÜRÜNC MEDAL QAZANDI

AZƏRTAC xəbər verir ki, avqustun 27-də Afina Olimpiadasında sonuncu boksçumuz – 54 kiloqram çəki dərəcəsində çıxış edən Ağası Məmmədov yarımfinal görüşünü keçirmişdir. Bu dəfə onun rəqibi Tailand idmançısı idi.

Görüş ilk dəqiqələrdən gərgin keçsə də, birinci raundda Ağası rəqibinə üç xal uduzdu. İkinci raundu daha yaxşı keçirən idmançımız fərqi bir xala endirəndə və sonra bəzi hallarda hesabı bərabərləşdirəndə hamımız gözləyirdik ki, nəhayət, boksçularımızdan bir nəfəri finala çıxa biləcəkdir. Amma təəssüf ki, belə olmadı, Tailand idmançısı axıradək təşəbbüsü əldən verməyərək, döyüşü 27:19 hesabı ilə öz xeyrinə başa çatdırdı.

Beləliklə, Ağası Məmmədov Olimpiadanın bürünc medalını qazandı və onu təbrik edirik. Bu, boksçularımızın ikinci bürünc mükafatıdır. Amma Ağasının yarımfinala qədərki rəqibləri ilə inamlı mübarizəsi ondan daha yüksək nəticə gözləməyimizə ümid verirdi.

Sərbəst güləşçilərin yarışının ilk günü komandamız üçün uğursuz oldu. Sidney Olimpiadasının qalibi Namiq Abdullayevin ardınca daha bir idmançımız, 66 kiloqram çəki dərəcəsində çıxış edən Elman Əsgərov ilk görüşündə qalib gəlsə də, sonrakı qarşılaşmada ABŞ pəhləvanına uduzaraq növbəti mərhələdə yarışmaq imkanını itirdi.

Taekvondoçumuz Niyaməddin Paşayev Koreya idmançısı ilə ilk görüşü uduzduqdan sonra üçüncü yer üçün mübarizəni davam etdirə biləcəyinə ümid vardı. Lakin koreyalı yarımfinala çıxmaq uğrunda qarşılaşmada İran taekvondoçusuna cəmi 1 xal fərqi ilə uduzdu, beləliklə də Niyaməddinin medal qazanmasına ümid yeri qalmadı.

Zədələnmiş Dinarə Gimatovanı bədii gimnastika yarışlarında əvəz edən Anna Qurbanova halqa, top, lent və gürzlə çıxışların yekununa görə 92, 300 bal topladı. Lakin bu, on finalçı sırasına düşmək üçün kifayət deyildi. Bununla belə, idmançımızın belə bir mötəbər yarışda dünyanın ən adlı-sanlı bədii gimnastları ilə mübarizədə bütün qüvvəsini sərf etməsi təqdirəlayiqdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.