AZƏRTAC-ın kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla anıb VİDEO
Bakı, 10 may, AZƏRTAC
Mayın 10-da AZƏRTAC-ın kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla anıb.
Əvvəlcə, Ulu Öndərin Fəxri xiyabandakı məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb. Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstəsi qoyulub, əziz xatirəsi ehtiramla anılıb.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.
Agentliyin inzibati binasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib. Burada Ulu Öndərin abidəsi önünə gül dəstələri düzülüb.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Vətən və xalq qarşısında tarixi və misilsiz xidmətlərindən danışıb. İdarə Heyətinin sədri deyib: “Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlər milli tariximizə dirçəliş, intibah və inkişaf illəri kimi yazılıb. Ümummilli Lider çətin dövrlərdə həmişə xalqının yanında olub. Xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev xilaskarlıq missiyasını uğurla yerinə yetirib. 1993-2003-cü illərdə Azərbaycanda milli dövlət quruculuğu prosesi əzmlə həyata keçirilib, nizami ordu yaradılıb, ölkəmiz dinamik inkişaf yoluna qədəm qoyub. Məhz Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs və cənab Prezident İlham Əliyevin mükəmməl idarəçiliyi sayəsində Azərbaycanın suverenliyi tam bərpa olunub”.
İdarə Heyətinin sədri vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı dünyada söz və nüfuz sahibinə çevirib: “Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində ordumuz düşməni darmadağın edərək torpaqlarımızın 30 illik işğalına son qoyub. Ötən ilin sentyabr ayında keçirilmiş birgünlük lokal xarakterli antiterror tədbirləri ilə ölkəmizin suverenliyi tam bərpa edilib”.
İdarə Heyətinin sədri bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanda bütün sahələrin inkişafında silinməz izlər qoyub. O, Ulu Öndər Heydər Əliyevin media sahəsində əsasını qoyduğu ənənələrin də uğurla davam etdirildiyini vurğulayıb.
Sonda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə AZƏRTAC-ın əməkdaşları arasında keçirilən nərd üzrə çempionatın qalibləri mükafatlandırılıb.