İQTİSADİYYAT
Azərbaycanlı jurnalistlər İzmir şəhərindəki “Petkim Petrokimya Holding A.Ş” şirkətində olmuşlar VİDEO
Bakı, 21 noyabr (AZƏRTAC). Azərbaycanın kütləvi informasiya vasitələrinin bir qrup nümayəndəsi Türkiyənin İzmir şəhərindəki “Petkim Petrokimya Holding A.Ş” şirkətində olmuşdur.
AZƏRTAC xəbər verir ki, jurnalistlərə 2008-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Petkim”in əsas hissələrini alaraq Türkiyə bazarına qoşulduğu, SOCAR-ın bu ölkədə neft-kimya sektorunun yenidən qurulmasına 250 milyon dollar sərmayə yatırdığı barədə məlumat verilmişdir.
Azərbaycanlı jurnalistlər SOCAR-ın İzmir şəhərindəki ən böyük sərmayəsi olan “Star” neft emalı zavodunda tikinti işlərinin gedişi ilə tanış olmuşlar. Zavodun sahə hazırlıq işlərinin layihə rəhbəri Tolqa Aksoy bildirmişdir ki, ərazisindəki tikinti işləri İspaniya, İtaliya, Yaponiya və Cənubi Koreya şirkətlərinin daxil olduğu konsorsium tərəfindən aparılır. Zavodun inşası üçün ayrılmış ərazidə torpaq-qazma işlərinin artıq 42 faizi görülmüşdür. Əraziyə 1200 ton ağırlığında olan sütunlar gətirilməsi üçün xüsusi hazırlıq işləri aparılır. Sahənin hazırlanması 2014-cü ilin sonunda başa çatacaqdır.
Layihə rəhbəri qeyd etmişdir ki, zavodda istehsal olunacaq nafta məhsulu üçün ərazidə üç ədəd 73 min tonluq çən quraşdırılmışdır. Zavodda ildə 1,7 milyon ton nafta məhsulu ilə bərabər, 6 milyon ton dizel yanacağı da istehsal ediləcəkdir. Gələcəkdə isə benzin və qırıcı təyyarələr üçün yanacaq istehsalı da planlaşdırılır. İllik 10 milyon ton emal gücünə malik olan zavodun layihə dəyəri 5 milyard ABŞ dolları təşkil edir. Tikintisinin 2017-ci ilə başa çatdırılması planlaşdırılan zavodda emal ediləcək məhsulun 3 milyon tonu “Petkim” şirkəti tərəfindən Türkiyədə istehlak olunacaq, qalan 7 milyon tonu isə dünya bazarına çıxarılacaqdır.
Sonra KİV nümayəndələri İzmir şəhərinin Əliağa bölgəsində regionun və Türkiyənin ən böyük konteyner limanının tikintisinin gedişi ilə də tanış olmuşlar. “Petkim Limançılık Ticaret A.Ş” layihəsinin rəhbəri Doğan Çırakoğlu bildirmişdir ki, hazırda limanın dərinliyinin artırılması və ərazinin düzləşdirilməsi işi aparılır. Bundan sonra isə işlər dörd mərhələdə aparılacaq və limanın dərinliyi 16 metrə çatdırılacaqdır. Gələcəkdə liman işçiləri üçün evlərin, idarə binaları və otellərin tikintisi nəzərdə tutulmuşdur.
Həmçinin Çanaqqala şəhərindən bura dəmir yolunun çəkilməsi planlaşdırılmışdır ki, bu da yüklərin limana daşınmasında böyük rol oynayacaqdır. Liman 11 min TEU həcmində konteyner gəmilərini qəbul edə biləcəkdir. Limanda inşaat işlərinin 2015-ci ilin iyun ayınadək yekunlaşdırılması gözlənilir. 2016-cı ildə fəaliyyətə başlaması nəzərdə tutulan “Petlim” limanının layihə dəyəri 300 milyon dollardır.