MƏDƏNİYYƏT
Ölkənin şimal-qərb qapısı Balakəndən şimal sərhədlərinə doğru VİDEO
Balakən, 22 avqust (AZƏRTAC, Mustafa Dadaşov). Dövlətimizin başçısının tapşırıq və tövsiyəsi ilə avqustun əvvəlində başlanan, ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanan “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyaya respublikamızın şimal-qərb bölgəsi rayonlarından ilk qoşulan Balakən məktəbliləri oldular.
AZƏRTAC xəbər verir ki, avqustun 22-də Balakən Rayon İcra Hakimiyyətinin qarşısında böyük izdiham var idi. Quba-Qusar-Xaçmaz marşrutu ilə ölkənin şimal bölgəsinə ekskursiyaya çıxan məktəbliləri yola salmaq üçün toplaşan rayonun rəhbər işçiləri, müəllimlər, valideynlər gənclərə son tövsiyələrini verirdilər.
Məktəblilərə uğurlu yol arzulayan rayon icra hakimiyyəti başçısının müavini Nəzakət Rüstəmova dövlətimizin başçısının təşəbbüsü ilə həyata keçirilən bu aksiyanın çox mühüm əhəmiyyət daşıdığını vurğuladı. Bildirdi ki, tur-aksiyanın iştirakçıları dörd gün ərzində şimal bölgəsi rayonlarının tarixi məkanları ilə yaxından tanış olacaq, muzeylərə baş çəkəcək, görməli yerləri gəzəcəklər. Quba Soyqırımı Memorial Kompleksinə, Qusardakı “Şahdağ” Qış-Yay Turizm Kompleksinə, Xınalıq yolu üzərində yerləşən dağ şəlaləsinə, turizm obyektlərinə və digər tarixi yerlərə səyahət, şübhəsiz, məktəblilərin ürəyincə olacaqdır.
Qrupun rəhbəri, rayon təhsil şöbəsinin məsləhətçisi, Əməkdar Müəllim Cavanşir Alqayev AZƏRTAC-a müsahibəsində bildirdi ki, bu tur-aksiya dövlətimizin başçısının təhsilin inkişafına, yetişməkdə olan gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyə olunmasına verdiyi böyük önəmin, göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Balakən Şəhər Humanitar və Texniki Təmayüllü Liseyin şagirdləri, tarix fənni üzrə keçirilən respublika Olimpiadasında ikinci yeri tutmuş Rəvan Əliyev və Tanrıqulu Vəliyev, Qaravəli kənd tam orta məktəbinin IX sinif şagirdi Fərrux Məmmədov və digər məktəblilər bu möhtəşəm tur-aksiyada iştirak etdiklərinə görə özlərini çox xoşbəxt sandıqlarını bildirdilər. Vətənimizin dilbər guşələrini görməyin hər bir gəncin arzusu olduğunu vurğulayan aksiya iştirakçıları onlara belə gözəl layihə bəxş etdiyinə görə Balakən məktəbliləri adından Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.
Sonra tur-aksiya iştirakçıları onlar üçün ayrılmış avtobusa əyləşib Quba-Qusar-Xaçmaz marşrutu ilə yola düşdülər.