İDMAN
Rəsul Çunayev: Bir əsgər kimi ermənistanlı rəqibimi məğlub etməliydim VİDEO
AZƏRTAC xəbər verir ki, çempionatın sonuncu günündə keçirilən yunan-Roma güləşi yarışlarında bürünc medala sahib olan güləşçimiz Rəsul Çunayev həlledici görüşdə ermənistanlı rəqibini 23 saniyə ərzində tam üstünlüklə məğlubiyyətə uğradıb və qələbəsini yenə özünəməxsus qeyd edib.
Yarış haqqında təəssüratlarını bölüşən Rəsul Çunayev bir əsgər kimi erməni rəqibini məğlub etməli olduğunu bildirib. Qeyd edib ki, bu, bizim ilk görüşümüz deyildi. Bundan əvvəl Tehranda keçirilən dünya kuboku yarışlarında da Varşam Boranyan ilə qarşılaşmışdıq və mən 9:0 hesabı ilə qalib gəlmişdim. Onda əsgər deyildim. İndi bir əsgər kimi erməni rəqibimi məğlub etməliydim. Buraya çempionluq üçün gəlmişdim. Ancaq bəzi məqamlar buna mane oldu. Bakıda keçirilən Beynəlxalq “Qızıl Qran-pri” turnirinin final mərhələsindən sonra məni hərbi xidmətə çağırdılar. Buna görə də dünya çempionatına bir həftə qalmış məşqlərə qoşula bildim. Burada ikinci görüşdən sonra tam bərpa ola bilmədim, türkiyəli idmançı ilə görüşə vaxtından əvvəl çağırdılar, ona görə də məğlub oldum. Daha çox çalışmalıyam ki, gələn ilin çempionu olum.