SİYASƏT
Etnik və dini rəngarənglik Azərbaycan dövlətinin milli sərvətidir VİDEO
Etnik və dini rəngarənglik Azərbaycan dövlətinin milli sərvətidir. Ölkə rəhbərliyinin tolerantlığın təşviqinə daim xüsusi diqqət göstərməsinin nəticəsidir ki, Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoq üçün nümunəvi platformaya çevrilib.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov bu sözləri Amerika Yəhudi Mətbuat Assosiasiyasının illik konfransında çıxışı zamanı deyib.
ABŞ-ın müxtəlif ştatlarından Assosiasiyaya üzv olan yəhudi mətbu orqanlarının, aparıcı yəhudi təşkilatlarının nümayəndələrinin iştirak etdikləri tədbirdə E.Süleymanov Azərbaycan-İsrail əlaqələrinin tarixindən bəhs edib. Səfir bu əlaqələrin strateji müttəfiqlik xarakteri almasında Azərbaycan xalqı ilə ölkəmizdə məskunlaşmış yəhudi icması arasında münasibətlərin rolunun danılmaz olduğunu bildirib.
Tarixən yəhudilərin əhalisinin əksəriyyətinin müsəlman olduğu dövlətdə dinc, heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşadıqlarını qeyd edən səfir yəhudi icması nümayəndələrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı azərbaycanlılarla çiyin-çiyinə vuruşmaları və qəhrəmanlıqla şəhid olmaları faktını Azərbaycan xalqının heç vaxt unutmayacağını qeyd edib.
Hazırda İsrailin enerji resurslarına olan tələbatının 40 faizinin Azərbaycan tərəfindən ödənildiyini bildirən diplomat yüksək səviyyəli rəsmi səfərlərin münasibətlərin daha da dərinləşməsi baxımından önəmini vurğulayıb.
Tədbirdə Amerika Yəhudi Mətbuat Assosiasiyasının prezidenti Marşal Veis çıxış edərək Azərbaycan-İsrail əlaqələri və ölkəmizdə məskunlaşmış yəhudi icması barədə danışıb.
Əsası 1944-cü ildə qoyulmuş, iqamətgahı paytaxt Vaşinqton şəhərində yerləşən təşkilatın geniş şəbəkəsinə Şimalı Amerikanın ingilisdilli yəhudi mətbu orqanları daxildir. Assosiasiyanın builki konfransının əsas məruzəçisi qismində ABŞ-ın vitse-prezidenti Co Bayden çıxış edib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton