İQTİSADİYYAT
“Azəryolservis” payız-qış mövsümünə ciddi hazırlıq işləri görür VİDEO
Bakı, 17 noyabr, AZƏRTAC
Payız-qış mövsümü ilə bağlı Nəqliyyat Nazirliyinin “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin mərkəzi aparatında (ASC) qərargah yaradılıb.
AZƏRTAC “Azəryolservis” ASC-yə istinadən xəbər verir ki, yaradılan qərargah payız-qış mövsümündə avtomobil yollarının və yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin edəcək. Eyni zamanda, yol istismar idarələri xidmət etdiyi avtomobil yolları üzrə tədbirlər planı hazırlayaraq icrasına başlayıb. Buraya avtomobil yollarının və yol avadanlıqlarının texniki vəziyyətinə baxış, yol texnikasının, maşın-mexanizmlərin, nəqliyyat vasitələrinin hazır vəziyyətə gətirilməsi, körpülər yerləşən ərazidə çayların yataqlarının, yollarda suötürücü boruların və yol kənarlarındakı suaxıdıcı xəndəklərin təmizlənməsi, qum, texniki duz, yanacaq-sürtkü materialları ehtiyatının yaradılması və s. daxildir.
Bundan əlavə, magistral yollarda, dağlıq rayonlarda, Bakı şəhərində avtomobil yollarında, prospekt və küçələrdə mövcud vəziyyətlə bağlı operativ tədbirlərin görülməsi üçün ASC-nin mərkəzi aparatında sutkalıq növbətçilik də təşkil olunub.
Qeyri-sabit hava şəraitində yarana biləcək xoşagəlməz halların aradan qaldırılması üçün kifayət qədər material ehtiyatı və maşın-mexanizmlər vardır. İlkin mərhələdə 24885 kubmetr qum, 1160 ton texniki duz ehtiyatı yaradılıb. Əlavə 500 ton texniki duzun alınması üçün müqavilə bağlanılıb. Həmçinin 1047 maşın-mexanizm və nəqliyyat vasitəsi hazır vəziyyətə gətirilib. Hava şəraiti ilə bağlı zərurət yaranarsa, texniki duz, qum ehtiyatı, maşın-mexanizmlər və nəqliyyat vasitələrinin sayı artırılacaq.