CƏMİYYƏT
Rusiyanın “Briliant” sərhəd gözətçi gəmisi Azərbaycana dostluq səfəri edib VİDEO
Bakı, 30 sentyabr, AZƏRTAC
Azərbaycan və Rusiya sərhəd xidmətlərinin rəhbərləri arasında 2013-cü ildə Bakıda imzalanmış “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti arasında 2014-2015-ci illər üçün tədbirlər Planı”na uyğun olaraq müvafiq tədbirlərin keçirilməsi uğurla davam etdirilir.
Birgə tədbirlər planına əsasən, ötən il iyulun 21-24-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) nümayəndə heyəti sərhəd gəmisində Rusiya Federasiyasına dostluq səfəri etmişdi.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, əməkdaşlığın davamı olaraq, bu il sentyabrın 28-30-da isə Rusiya Federasiyası Sərhəd Xidmətinin Sahil Mühafizəsi Departamentinin rəis müavini, kontr-admiral Roman Tolokun rəhbərliyi ilə “Briliant” sərhəd gözətçi gəmisi Azərbaycan Respublikasına dostluq səfəri edib.
Səfər çərçivəsində tərəflər arasında görüş keçirilib, ikitərəfli əlaqələrin vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Həmçinin Xəzər dənizində sərhəd təhlükəsizliyinin təmin edilməsi və bioloji resursların qorunması, qanunsuz fəaliyyətə qarşı mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsinin davam etdirilməsi məsələləri müzakirə olunub.
Sentyabrın 28-29-da Rusiya Federasiyası Sərhəd Xidmətinin Sahil Mühafizəsinin və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin gəmilərinin və helikopterlərinin iştirakı ilə “Xəzər dənizinin bioloji ehtiyatlarının qorunması, qeyri-qanuni miqrasiya, silah, partlayıcı maddələr və ölkə ərazisinə gətirilməsi və çıxarılması qadağan olunmuş digər mal və yüklərin qaçaqmalçılığına qarşı mübarizənin aparılması” mövzusunda birgə sərhəd təlimi keçirilib. Təlimlər zamanı qanunsuz fəaliyyətin aşkarlanması, şərti hədəfin təqib edilməsi və saxlanılması üzrə birgə hərəkətlərin işlənilməsi, məlumat mübadiləsinin həyata keçirilməsi, praktiki atışların aparılması kimi elementlər icra edilib.
Keçirilmiş təlimdə qarşıya qoyulmuş məqsədlərə tam nail olunub, sərhədçilər tərəfindən yüksək döyüş hazırlığı və peşəkarlıq göstərilib, müxtəlif şəraitdə verilən tapşırıqların müvəffəqiyyətlə yerinə yetirilməsi bacarığı nümayiş etdirilib.
Səfər zamanı Rusiya nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin Aparatında və Akademiyasında, “Sərhədçi” İdman Olimpiya Mərkəzində olub, tərəflər arasında futbol üzrə yoldaşlıq görüşü keçirilib.
Qonaqlar, həmçinin Bakının mədəni-tarixi abidələri, Dövlət Bayrağı Meydanı və Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi ilə Dənizkənarı Milli Parkla tanış olublar.
Səfər dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.