REGİONLAR
89 saylı Göyçay-Ağdaş seçki dairəsində treninqlər başa çatıb
Göyçay, 29 yanvar, AZƏRTAC
89 saylı Göyçay-Ağdaş seçki dairəsində Milli Məclisə seçkilərə hazırlıqla əlaqədar aşağı seçki komissiyaları üçün yanvarın 27-dən başlanan treninqlər başa çatıb.
Dairə Seçki Komissiyasının sədri Nizam Məhərrəmov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, treninqlərdə 36 məntəqə üzrə 216 nəfər iştirak edib. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında təlim keçən dairə seçki komissiyasının katibi Şəlalə Qasımova və komissiya üzvü Kənan Abdullayev tərəfindən keçirilən treninqlər günün birinci və ikinci yarısında olmaqla, qrafik üzrə kiçik qruplarda aparılıb.
Aşağı seçki komissiyaları üçün təşkil olunan maarifləndirici treninqlərdə seçki günü məntəqə seçki komissiyaları üzvlərinin rolu və vəzifələri, seçki günü prosesləri və müstəsna hallar, səslərin hesablanmasına hazırlıq, seçki bülletenlərinin təsnifatı, səslərin hesablanması və yekun protokolun doldurulması, səsvermə proseslərinə dair praktiki tapşırıqlar kimi mövzular Seçki Məcəlləsinə uyğun ətraflı izah olunub.
Treninqlərdə iştirakçılara təlimlərdə istifadə etmək üçün MSK tərəfindən hazırlanan “Seçki günü üçün yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri material və vəsaitlər də təqdim olunub.
Treninqin ikinci günü ATƏT-in uzunmüddətli müşahidəçiləri tədrisin gedişini izləyiblər.