REGİONLAR
“ASAN xidmət”ə 8 milyonuncu vətəndaş müraciətini Quba sakini etdi VİDEO
Quba, 15 fevral, Elxan Yusifli, AZƏRTAC
“ASAN xidmət” mərkəzinin mərkəzləşdirilmiş elektron növbə sistemində 8 milyonuncu vətəndaş müraciəti qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu müraciət Quba sakini Babayeva Pəri Algül qızı tərəfindən rayonda fəaliyyət göstərən səyyar “ASAN xidmət”ə edilib.
Altımış yaşlı Pəri Babayeva Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyininin səyyar xidmətinə müraciəti Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi ilə bağlı olub.
Fevralın 11-də müraciəti qeydə alınan vətəndaşa bu gün yeni şəxsiyyət vəsiqəsi təqdim olunub. Bununla yanaşı, Pəri Babayevaya 8 milyonuncu müraciətin sahibi kimi təşəkkürnamə və xüsusi hədiyyələrlə mükafatlandırılıb.
Pəri Babayeva belə bir sürprizin onun üçün gözlənilməz olduğunu qeyd edərək, “ASAN xidmət”ə təşəkkürünü bildirib.
Hazırda doqquz “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5–i paytaxtda, digərləri isə Sumqayıt, Gəncə, Sabirabad və Bərdə şəhərlərindədir. Bununla yanaşı, səyyar “ASAN xidmət”in xüsusi avadanlıqlarla təchiz olunmuş 10 avtobusu dövri olaraq ölkənin şəhər və rayonlarında xidmətini davam etdirir.