CƏMİYYƏT
Bakıdakı Dədə Qorqud parkında Novruz bayramı ilə əlaqədar ağacəkmə aksiyası keçirilib VİDEO
Bakı, 15 mart, AZƏRTAC
Bakıdakı Dədə Qorqud parkında Novruz bayramı ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, aksiyada ADA Universitetinin rektoru Hafiz Paşayev, bu ali təhsil ocağının müəllimləri və tələbələri, “Coca-Cola” şirkətinin əməkdaşları, paytaxt sakinləri iştirak ediblər.
Aksiya ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzi, “Coca-Cola” şirkəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə həyata keçirdiyi “Ağac əkək, təbiətə töhfə verək!” adlı layihənin bir hissəsidir.
2014-cü ilin fevralından başlayan layihə 2020-ci ilədək 100 mindən çox ağacın əkilməsini nəzərdə tutur. Bu günədək layihə çərçivəsində Azərbaycanda 30 mindən çox ağac əkilib. Cari ildə layihənin davamı olaraq daha 15 min ağacın əkilməsi nəzərdə tutulub. Layihənin əsas məqsədi ölkənin əvvəlcədən müəyyən edilmiş ərazilərində meşələrin salınması, mövcud meşələrin bərpa olunması ilə Azərbaycanda su ehtiyatlarının qorunması və artırılmasına nail olmaqdır. “Coca-Cola” və ADA Universitetinin ağac əkilməsi layihəsində müasir damcı suvarma texnologiyasından istifadə olunur ki, bu da öz növbəsində su ehtiyatlarından səmərəli istifadə deməkdir.
Bu tədbir “Coca-Cola”, ADA Universiteti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə əməkdaşlığının ölkəmizi gözəlləşdirəcək daha bir “yaşıl nəticə”sidir. Bu layihə Azərbaycanda ekosistemin yaxşılaşdırılmasına verilən əhəmiyyətli töhfənin bir hissəsidir.
Ağacəkmə aksiyasından sonra Novruz bayramının ilaxır çərşənbə axşamında ADA Universitetində IV Bahar Gənclik Festivalı təşkil olunub. Festival sərgi, milli geyimlər, Azərbaycanın müxtəlif xalça məktəblərinin nümunələri, ləziz bayram mətbəxinin şirniyyatları, tonqal üzərindən atlanma və bu kimi ilaxır çərşənbə axşamının özünəməxsus adət-ənənələrinin nümayişi ilə davam edib. Bu festival ADA Universitetinin tədris mərkəzinə əsl bayram ab-havası gətirib. ADA Universitetində qurulan “Coca-Cola” səhnəsində universitetin tələbələri əyləncəli bayram proqramı ilə çıxış edib, onlar arasında keçirilən “Geyiminə milli ornament əlavə et!” müsabiqəsinin qalibləri mükafatlandırılıb, həmçinin Azərbaycanın incəsənət ustaları qonaqları şən mahnıları ilə sevindiriblər.