ELM VƏ TƏHSİL
9 May - Qələbə Günü münasibətilə silsilə tədbirlər təşkil olunub
Bakı, 8 may, AZƏRTAC
Aprel-may aylarında Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 9 May - Qələbə Gününə həsr olunan “Bizim qəhrəmanlar” adı altında silsilə tədbirlər keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, COVID-19 pandemiyası ilə əlaqədar onlayn formada keçirilən tədbirlərin əsas məqsədi gənc nəslin vətənpərvər ruhda tərbiyəsinə diqqətin daha da artırılmasıdır. Eyni zamanda, İkinci Dünya müharibəsində şücaət göstərən qəhrəmanlarımızın gənc nəslə tanıdılması, qələbənin qazanılmasında ölkəmizin əvəzsiz rolunun nümayiş olunması, istedadlı gənclərin üzə çıxarılmasından ibarət olub.
Tədbirlər çərçivəsində Mərkəzin dərnək üzvlərinin ifasında şeir nümunələrindən ibarət videoçarxlar hazırlanıb, gənc rəssamlar arasında faşizm üzərində Qələbə Gününə həsr olunmuş onlayn rəsm müsabiqəsi keçirilib, rəsm əsərlərindən ibarət virtual sərgi təşkil olunub.
Mərkəzin yetirmələri tərəfindən İkinci Dünya müharibəsində böyük igidlik göstərən Azərbaycan xalqının tarixinə qızıl hərflərlə adı yazılan Həzi Aslanov, Mehdi Hüseynzadə, Əhmədiyyə Cəbrayılov, Müseyib Bağırov və digər qəhrəmanlara həsr olunmuş videoçarxlar hazırlanıb.
Qeyd edək ki, hazırlanan videoçarxlar mayın 9-da sosial şəbəkələrdə nümayiş olunacaq.