ABŞ-DA BENZİNİN QİYMƏTİ XEYLİ ARTMIŞDIR
AzerTAg.az
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, Birləşmiş Ştatlarda avtomobil yanacağı xeyli bahalaşmışdır. ABŞ Energetika Nazirliyi yanında Energetika İnformasiya İdarəsinin məlumatına görə, burada bir qallon (təxminən 3,8 litr) benzinin qiyməti bir həftə ərzində 12 sent artaraq, hazırda ölkə üzrə orta hesabla 1,75 dollara çatmışdır. Maliyyə ekspertləri həmin artımı “rekord sıçrayış” adlandıraraq, onu bir sıra daxili səbəblərlə, məsələn, bu yaxınlarda ölkənin səkkiz Ştatında elektrik enerjisinin kəsilməsi ilə əsaslandırırlar. Lakin xarici amillər də mühüm rol oynayır.
Birja mütəxəssisləri qeyd edirlər ki, son 16 həftə ərzində xam neftin qiyməti 20 faizdən çox artmışdır. Analitiklərin fikrincə, bu proses, çox güman ki, hələ davam edəcəkdir. Onlar etiraf edirlər ki, İraqda müharibə ərəfəsində bir barrel neftin qiymətinin 20 dollara düşəcəyi gözlənilirdi, lakin son vaxtlar qiymət 30 dolları ötüb keçmişdir. Hazırda İraq gündə 1 milyon barreldən az “qara qızıl” ixrac edir ki, bu da neft bazarını və ilk növbədə, Amerika bazarını təmin etmək üçün lazım olduğundan da azdır. İraqın neft sənayesinin tezliklə bərpa ediləcəyinə bəslənilən ümidlər özünü doğrultmadı. Buna da əsas səbəb ölkənin infrastrukturuna qarşı davam edən təxribatlardır.
Xəbərin mətnində orfoqrafik səhv var