SİYASƏT


ABŞ Dövlət katibinə və “Alman dalğası”nın redaksiyasına suallar

Berlin, 10 aprel, AZƏRTAC

ABŞ Dövlət katibi Mayk Pompeonun “Colan yülsəkliklərinin İsrail tərəfindən və Krım yarımadasının Rusiya tərəfindən ilhaq edilməsi arasında fərqlər barədə” bəyanatı haqqında xəbəri yayan “Alman dalğası” nəşri bu məlumatı öz şərhləri ilə müşayiət edib.

Əvvəlcə xatırladaq ki, Mayk Pompeo öz bəyanatında deyib: “İsrail Colan yüksəklikləri Suriyanın hücumundan müdafiə olunarkən işğal edib, Rusiya isə Krımı ilhaq edib, hərçənd, Ukrayna tərəfindən heç bir təhdid yox idi”. Dövlət katibi daha sonra əlavə edib: “Colan yüksəklikləri İsrailin hücuma məruz qalmasından sonra onun bir hissəsinə çevrilib. İsrail müdafiə olunurdu, onun mövcudluğu təhlükə altında idi. Colan yülsəkliklərinin tutulması Suriya rejimindən müdafiə olunmaqda davam etmək üçün zəruri idi”. Pompeo öz bəyanatını belə yekunlaşdırıb: “Bu iki vəziyyətdən daha fərqli vəziyyət ola bilməz”.

Rəsmi Bakı, habelə Azərbaycan KİV-lərinin əksəriyyəti Rusiya, Ukrayna, İsrail və ərəb ölkələri ilə Azərbaycanın münasibətlərinin dostluq xarakterli olmasını əsas götürərək həmişə vəziyyəti kəskinləşdirməməyə və üçüncü ölkələr arasında, xüsusən Azərbaycana dost ölkələr arasında həssas məsələlərə toxunmamağa çalışıb, bu ölkələri onların arasında mövcud olan bütün münaqişələri beynəlxalq hüquq normaları və BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində həll etməyə çağırıb. Biz bu materialda da belə edəcəyik.

Lakin Azərbaycan bilavasitə dövlətinə aidiyyəti olan münaqişə - Azərbaycanın Dağlıq Qarabağ regionunun Ermənistan tərəfindən işğal edilməsi ilə müəyyən, bəzən aşkar paralelləri, həmçinin istər ABŞ Dövlət katibinin bəyanatında, istərsə də “Alman dalğası” nəşrinin öz şərhində aşkar görünən ikili standartları nəzərə alaraq əvvəlcə Mayk Pompeoya belə bir sual verməmək mümkün deyil: “Bəs 1987-ci ilin axırlarında Ermənistan Qafan, Masis, Mehri rayonlarından azərbaycanlıları qovmağa, 1988-ci ildə isə açıq-aşkar “miatsum” kampaniyasına başlayanda Azərbaycan Ermənistan üçün hansı “təhdid” doğururdu? Ermənistan haçansa Azərbaycan tərəfindən hücuma məruz qalıbmı, ondan müdafiə olunmağa məcbur olubmu? Axı Ermənistan SSR Ali Sovetinin 1 dekabr 1989-cu il tarixli “Ermənistan SSR-in və Dağlıq Qarabağın yenidən birləşməsi haqqında” qərarı sözün əsl mənasında ilhaq idi və bu qərar hələ də ləğv edilməyib. Əgər Pompeo yuxarıda adlarını çəkdiyi iki keysi – Colan yüksəkliklərini və Krımı “bir-birinə tam zidd” hesab edirsə, bu halda o, Ermənistan-Azərbaycan keysini hansı qütbə aid edəcək? Bəlkə də o, yenə ATƏT-in Minsk qrupu və “qarşılıqlı kompromislərin zəruri olması” haqqında çeynənmiş frazalarla yaxa qurtarmağa çalışacaq?

İndi isə “Alman dalğası” nəşrinin “beynəlxalq hüquq normalarına uyğun olaraq, Colan yüksəkliklərinin ilhaq edilmiş rayonları İsrail tərəfindən işğal edilmiş Suriya ərazisi kimi qalır” məzmunlu şərhi barədə bu nəşrin redaksiyasına sualım var: Biz haçansa o günü görəcəyikmi ki, bu redaksiya Dağlıq Qarabağın kimin ərazisi olması və onun “işğal olunmuş” yoxsa “azad edilmiş” ərazi olması barədə öz mövqeyini eyni dərəcədə birmənalı şəkildə bütün dünyaya bəyan edəcək?

Cənablar, yəni doğrudanmı siz özünüzün ikili standartlarınıza görə heç xəcalət çəkmirsiniz? Axı indiki halda bu ikili standartlar o qədər aşkar görünür ki, burada “nala-mıxa vurmaq” mümkün deyil!

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.