DÜNYA
ABŞ FEDERAL MƏHKƏMƏSİ DARVİNƏ HAQQ QAZANDIRDI
Məhkəmənin rəyinə görə, Darvinin baxışlarına alternativ olan baxışların məktəbdə tədrisi dini təhsili ümumicbari etmək cəhdindən başqa bir şey deyildir ki, bu da ABŞ Konstitusiyasına ziddir. Məhkəmənin qərarı hələlik ancaq Pensilvaniya ştatının məktəblərinə şamil edilir. Lakin ekspertlərin fikrincə, bu qərar həmin məsələ barədə ümummilli diskussiya aparılmasına gətirib çıxarmalıdır.
Kanzas ştatının təhsil komissiyası yeni təhsil standartını bəyəndikdən sonra insanın meydana gəlməsinə elmi və dini baxışların tərəfdarları arasında münaqişə kəskinləşmişdir. Standartda deyilirdi ki, problemin hər iki təfsiri məktəblilərə eyni cür izah edilməlidir, çünki Darvinin görüşü ancaq fərziyyədir.
Qərar qəbul olunmazdan əvvəl 38 Nobel mükafatı laureatı komissiyaya müraciət etmişdir. Onlar bildirmişlər ki, kreasionist nəzəriyyəsi elmə əsaslanmır, müasir elmin bütün nəticələri isə təkamülə sübutdur.
Xatırladaq ki, Darvinizmin tədrisi ilə bağlı problemin məhkəmə yolu ilə həll olunduğu ilk hadisə 1925-ci ilə aiddir. O vaxt “meymun işi” kimi məlum olan məhkəmə araşdırması alimlərin etirazına səbəb olmuş və tezliklə məhkəmənin qərarına qarşı şikayət verilmişdi.