DÜNYA
ABŞ-IN HƏRBİ HAKİMİYYƏT ORQANLARI İRAQIN ƏBU-QREYB HƏBSXANASINDAN 312 MƏHBUSU BURAXMIŞLAR
AZƏRTAC xəbər verir ki, Qətərin “Əl-Cəzirə” telekanalının yaydığı məlumata görə, ABŞ-ın İraqdakı hərbi hakimiyyət orqanları Əbu-Qreyb həbsxanasından, ümumən, 312 məhbusu azad etmişlər. Bu addım məhbusların nəzarətçilər tərəfindən təhqirlərə məruz qalmalarını əks etdirən fotoşəkillər dərc olunduqdan sonra atılmışdır. Böyük qalmaqal doğurmuş bu kadrlar bütün ərəb və islam dünyasında güclü etiraz kampaniyasına səbəb olmuşdur. Hüquq müdafiəçiləri və bir sıra xarici dövlətlərin başçıları kəskin bəyanatlarla çıxış etmişlər.
Əbu-Qreyb həbsxanasında çəkilmiş fotoşəkilləri ilk dəfə Si-Bi-Es teleşirkəti göstərmişdir. Amerikalı gözətçilər məhbusları lüt soyunmağa və təhqiramiz vəziyyətdə durmağa məcbur edir, bəzi məhbusların bədənlərində söyüş sözləri yazırdılar. Onlar məhbusları başlarına pislik açmaqla hədələyir, üstlərinə soyuq su tökür, döyürdülər. Əbu-Qreybdə əsirlərin təhqirlərə məruz qaldıqları barədə məlumatlar yayıldıqdan sonra orada xidmət edən 800-cü hərbi polis briqadasının 14, 372-ci briqadanın isə 17 qulluqçusu cinayət məsuliyyətinə cəlb olunmuşdur.