SİYASƏT
ABŞ ŞİRKƏTLƏRİNİN DAĞLIQ QARABAĞA SƏRMAYƏ QOYMASI AZƏRBAYCAN QANUNLARINA ZİDDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Milli Məclisin mayın 25-də keçirilən iclasında deputatlar ABŞ-ın bəzi şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərində, xüsusən də Dağlıq Qarabağda müxtəlif sahələrə sərmayə qoymasına etirazlarını bildirmişlər. Onların fikrincə, ATƏT-in Minsk qrupunun həmsədri olan ABŞ-in bəzi şirkətlərinin nəzarətsiz zona olan Dağlıq Qarabağda separatçı qüvvələrlə işbirliyi qurması Azərbaycanın maraqlarına ziddir.
Deputatlar məsələnin Milli Məclisin müzakirəsinə çıxarılmasını, ABŞ-ın ölkəmizdəki səfirinə bu barədə xəbərdarlıq edilməsini təklif etmişlər.
Milli Məclisin sədri Murtuz Ələsgərov demişdir ki, Amerika şirkətlərinin bu hərəkəti ABŞ dövlətinin mövqeyi demək deyildir. Amma buna baxmayaraq məsələyə ciddi yanaşılmalıdır.
Parlamentin rəhbəri, Xarici İşlər Nazirinə müraciət edərək məsələyə aydınlıq gətirilməsini, bu cür hərəkətlərin Azərbaycan qanunlarına zidd olduğunu ABŞ-ın ölkəmizdəki səfirinin diqqətinə çatdırılmasını xahiş edəcəyini bildirmişdir.