DÜNYA
ABŞ Senatı Trampın tətbiq etdiyi fövqəladə vəziyyətin ləğv olunmasına səs verib
Vaşinqton, 15 mart, AZƏRTAC
ABŞ Senatı Prezident Donald Trampın Birləşmiş Ştatlarla Meksika arasında sərhəd divarının tikintisi ilə bağlı elan etdiyi fövqəladə vəziyyət bəyannaməsinin ləğv olunmasına səs verib. Respublikaçıların Senatda daha çox səsə malik olmasına baxmayaraq, onlardan 12 nəfəri də demokratlara qoşulub və Prezidentin immiqrasiya siyasətini və milyardlarla dolların divarın tikintisinə xərclənməsini dəstəkləməyiblər.
AZƏRTAC xəbər verir ki, digər respublikaçılar kimi Trampın bəyannaməsini dəstəkləməkdən imtina edən Men ştatından olan respublikaçı senator Syüzen Kollinzin sözlərinə görə, onun qərarı sərhəd divarı ilə bağlı deyil, hökumətin maliyyələşdirilməsinə dair Konqresin konstitusion hüququnun qorunub saxlanılması ilə əlaqədardır.
Senatda azlıqda olan demokratların lideri Çarlz Şumer isə bəyan edib ki, keçirilən səsvermə respublikaçılar üçün asan olmayıb. O əlavə edib ki, ABŞ-ı böyük dövlətə çevirən Amerikaya sədaqət, Konstitusiya və prinsiplərə bağlılıq şəxsi ambisiyalardan yüksəkdə dayanmalıdır.
Senatın qətnaməsi Trampa göndəriləcək, lakin Prezident əvvəlcədən Twitter səhifəsində bəyan edib ki, bu sənədə veto qoyacaq. Bu, onun prezidentliyi dövründə ilk veto olacaq.
Xatırladaq ki, fevralın sonunda Konqresin aşağı palatası (Nümayəndələr Palatası) fövqəladə vəziyyətin ləğvi ilə əlaqədar qərar qəbul edib. Bundan əvvəl isə, bu məsələdə demokratlarla respublikaçılar arasında razılaşma əldə olunmadığı vaxtda, Tramp fövqəladə vəziyyət elan etmişdi. Konqres sərhəd divarının tikintisinə cəmi 1,375 milyard dollar, yəni Prezidentin tələb etdiyi 5,7 milyard dollardan daha az vəsait ayırmağa razı olmuşdu. Bundan sonra Tramp prezident səlahiyyətlərindən istifadə edərək fövqəladə vəziyyət elan etmiş və hərbi büdcədən divarın tikintisinə vəsait ayrılması barədə sərəncam vermişdi.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton