DÜNYA
ABŞ VƏ İRAQ DİPLOMATİK MÜNASİBƏTLƏRİ BƏRPA ETMİŞLƏR
İraqın mülki administratoru Pol Bremer iyunun 28-də ölkənin suverenliyinin bərpa edilməsinə dair sənədlər paketini müvəqqəti Baş nazir Ayyad Əlaviyə vermişdir. ABŞ işğal administrasiyası ləğv olunmuş, Bremer İraqı tərk etmişdir. Hakimiyyət müvəqqəti hökumətə və təyin olunmuş Prezident Qazi əl-Yavərə keçmişdir.
Onlar 2005-ci il yanvarın 2-dək - ümumi seçkilərədək hakimiyyətdə olacaqlar. İyunun 29-da ABŞ-ın yeni səfiri, 64 yaşlı diplomat, bundan əvvəl Birləşmiş Ştatların BMT-dəki səfiri işləmiş Con Neqroponte Bağdada gəlmişdir. O, ABŞ-ın sayca ən böyük diplomatik missiyasına başçılıq edəcəkdir.
BMT baş katibi Kofi Annan İraqın müstəqil dövlətlər sırasına qayıtmasını alqışlamış və İraq xalqını müvəqqəti hökumət ətrafında birləşməyə çağırmışdır.