DÜNYA
ABŞ-dakı neft-qaz quyularının sayı azalıb
Bakı, 20 yanvar, AZƏRTAC
ABŞ-dakı aktiv neft-qaz quyularının sayı azalıb.
AZƏRTAC “Baker Hughes” şirkətinə istinadla xəbər verir ki, ABŞ-dakı aktiv neft-qaz quyularının sayı ötən həftə 3 ədəd azalaraq ümumilikdə 936 ədəd təşkil edib. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv neft-qaz quyularının sayı 242 ədəd çoxalıb.
Ötən hesabat həftəsində ABŞ-da aktiv neft quyularının sayı 5 ədəd azalaraq 752 ədəd olub. Beləliklə də, ölkədəki aktiv neft quyularının sayı əvvəlki həftədəki artımdan sonra yenidən azalmağa başlayıb. Ötən ilin eyni dövrü ilə müqayisədə ABŞ-dakı neft quyularının sayı 196 ədəd artıb.
Keçən həftə ölkədəki aktiv qaz quyularının sayı 2 ədəd artaraq 189 ədəd olub. Keçən ilin müvafiq dövrünə nisbətən ölkədəki qaz quyularının sayı isə 47 ədəd artım göstərib.
Qeyd edək ki, ABŞ-da aktiv neft quyularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatmışdı. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft quyularının sayı ötən ilin may ayında isə minimuma – 316-ya geriləmişdi.