İQTİSADİYYAT
ABŞ-ın 15 şirkətini təmsil edən ticarət missiyası Azərbaycanda səfərdədir
Bakı, 16 oktyabr, AZƏRTAC
ABŞ-ın 15 şirkətini təmsil edən ticarət missiyası Azərbaycanda səfərdədir.
“Biz Azərbaycanla ticarəti genişləndirməkdə maraqlıyıq. ABŞ-ın Azərbaycandakı səfirliyi ilə əməkdaşlıq şəraitində biz ABŞ-la Azərbaycan arasında mövcud olan ticarət əlaqələrinin genişləndirilməsini təşviq edirik”. AZƏRTAC xəbər verir ki, bunu oktyabrın 16-da Bakıda keçirilən Azərbaycan-ABŞ biznes-forumunda ABŞ Kommersiya Xidmətinin baş kommersiya müşaviri Bill Çaykovski deyib.
O bildirib ki, Amerika-Azərbaycan Ticarət Palatası vasitəsilə Azərbaycana hazırda ən böyük ticarət missiyası gəlib: “Biz ABŞ biznes təmsilçilərinin Azərbaycana bu qədər böyük maraq göstərməsindən məmnunuq. Ticarət missiyamıza 15 şirkət daxildir. Bu isə təxminən 30 iş adamı deməkdir. Bu biznes missiyasının məqsədi Azərbaycanda əlaqələr yaratmaq, nəqliyyat, kənd təsərrüfatı, informasiya texnologiyaları kimi sahələrdə əməkdaşlığı inkişaf etdirməkdir”.
Bir neçə gün ərzində missiya nümayəndələri Azərbaycanda olacaq və çoxsaylı görüşlər keçirəcək. Görüşlərdə mövcud əlaqələrin dərinləşməsi və genişlənməsi istiqamətində müzakirələr aparılacaq.