DÜNYA
ABŞ-ın “Edison Research” şirkətinin Gürcüstanda keçirdiyi sorğuda iştirak edənlərin 56 faizi Qriqol Vaşadzeni dəstəkləyib
Tbilisi, 14 noyabr, AZƏRTAC
ABŞ-ın “Edison Research” sosioloji sorğu kompaniyası noyabrın 1-dən 9-dək Gürcüstanda prezident seçkilərinin ikinci turu öncəsi sosioloji sorğu keçirib.
AZƏRTAC xəbər verir ki, “Rustavi2” televiziya şirkətinin sifarişi əsasında keçirilən sorğuda iki min seçici iştirak edib.
“Əgər bu gün prezident seçkilərinin ikinci turu keçirilərsə, hansı namizədə səs verərdiniz?” sualına cavab verən respondentlərin 56 faizi müxalifətdən olan namizəd Qriqol Vaşadzenin, 44 faizi isə müstəqil namizəd, hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının dəstəklədiyi Salome Zurabişvilinin adını çəkib.
Rəyi soruşulanların 15 faizi cavab verməkdə çətinlik çəkdiyini, 8 faizi isə heç birinə səs vermək istəmədiyini bildirib.
Məlumat üçün qeyd edək ki, oktyabrın 28-də Gürcüstanda prezident seçkiləri keçirilib. Namizədlərdən Salome Zurabişvili 38,64 faiz, Qriqol Vaşadze isə 37,73 faiz səs topladıqları üçün Gürcüstanın 5-ci prezidenti ikinci turda seçiləcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi