DÜNYA


ABŞ-ın İrana qarşı sanksiyalarının ikinci mərhələsi bu gündən qüvvəyə minib

Bakı, 5 noyabr, AZƏRTAC 

ABŞ-ın İrana qarşı sanksiyalarının ikinci paketi bu gündən qüvvəyə minib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp ölkəsinin nüvə razılaşmasından birtərəfli çıxdıqdan sonra İrana qarşı sanksiyalar tətbiq edəcəyini açıqlamışdı. Bundan sonra ABŞ Maliyyə Nazirliyi Birləşmiş Ştatların İrana qarşı sanksiyalarının 90 və 180 günlük ara ilə iki mərhələdən ibarət olacağını bildirmişdi. 90 gündən sonra ilk sanksiya paketi avqustun 7-də qüvvəyə minib. 180 gündən sonra, yəni noyabrın 5-dən ikinci sanksiya paketi tətbiq olunmağa başlayıb.

Altı maddədən ibarət yeni sanksiya paketi

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, bu gündən qüvvədə olan sanksiyalar 6 maddədən ibarətdir. Birinci maddə İranın liman operatorları, yük və gəmiqayırma sektorunu əhatə edir. Sanksiyalar İran İslam Respublikasının Gəmiçilik Xətləri, Cənub Gəmiçilik Xətti şirkətləri və digər əlaqədar təşkilatlara tətbiq ediləcək. İkinci maddə isə neftlə bağlı əməliyyatları nəzərdə tutur. Sanksiyalar İran Milli Neft Şirkəti (NIOC) və Milli Tanker Şirkəti (NITC) daxil olmaqla İrandan neft, neft məhsulları və neft-kimya məhsullarının satışına beynəlxalq məhdudiyyətləri əhatə edir.

Digər maddə İranın maliyyə sektorunu hədəf alıb. Sanksiyaların məqsədi xarici maliyyə qurumlarının İran Mərkəzi Bankı və bəzi maliyyə təşkilatları ilə əməliyyatlarını məhdudlaşdırmaqdır. Dördüncü maddə də İran Mərkəzi Bankı və bir sıra maliyyə institutlarına əməliyyatlarının məhdudlaşdırılmasını nəzərdə tutur.

İrana qarşı sanksiyaların beş və altıncı maddələri isə nəqliyyat və sığorta şirkətləri, eləcə də İranın enerji sektoruna məhdudiyyətləri əhatə edir.

8 ölkə sanksiyalardan kənarda saxlanılıb

ABŞ-ın dövlət katibi Mayk Pompeonun sözlərinə görə, 8 ölkəyə İrana qarşı tətbiq olunan sanksiyalardan güzəştə gediləcək: “İrandan neft idxalını əhəmiyyətli dərəcədə azaldan, ancaq tamamilə dayandırmayan 8 ölkəyə müvəqqəti güzəşt tətbiq olunacaq”.

O, İranın sutkalıq neft ixracının 1 milyon barrel azalacağını gözlədiklərini bildirib.

ABŞ-ın maliyyə naziri Stiven Mnuçin isə deyib ki, bu gündən qüvvədə olan sanksiyalar çərçivəsində daha 700-dən çox İran vətəndaşı və təşkilat qara siyahıya əlavə ediləcək.

Xatırladaq ki, Birləşmiş Ştatlar nüvə razılaşmasından çıxdıqdan sonra ABŞ-ın dövlət katibi Mayk Pompeo may ayında İranla yeni bir razılaşmaya ehtiyac olduğunu vurğulayıb və 12 maddəlik şərt paketi təqdim edib.

İlk sanksiya paketi nələri əhatə edirdi?

Birləşmiş Ştatlar avqustun 7-də rəsmi Tehrana tətbiq etdiyi sanksiyaların ilk mərhələsi çərçivəsində İran hökumətinin ABŞ dolları, qızıl və qiymətli metallarla ticarət həyata keçirməsi qadağan edilib.

İranın polad, kömür, alüminium ticarəti və nəqliyyat sektoruna sanksiyalar tətbiq olunub, rəsmi Tehranın qarşı aviasiya sanksiyaları yenidən qüvvəyə minib, eləcə də İranın sərnişin təyyarələri və layner hissələri idxalı məhdudlaşdırılıb.

Ölkənin milli valyutası tümən vasitəsilə xaricdə aparılan əməliyyatlara məhdudiyyətlər qoyulub. Həmçinin İran istehsalı xalçalar və yeyinti məhsullarının ABŞ-a ixracı qadağan edilib. İranın xarici borcuna yardımlar edilməsi və satın alınması qadağan olunub.

İrandan ilk reaksiya

İran Prezidenti Həsən Ruhani ABŞ sanksiyalarının ikinci mərhələsini dövlət televiziyasına şərh edərkən deyib: “İran ABŞ-ın tətbiq etdiyi sanksiyaları qıracaq və neft satmaqda davam edəcək”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.