DÜNYA
ABŞ-ın Nümayəndələr Palatasında Donald Trampın vergi hesabatı təqdim edilib
Bakı, 21 dekabr, AZƏRTAC
Demokratik çoxluğun nəzarətində olan Nümayəndələr Palatasının büdcə komitəsi ABŞ-ın sabiq Prezidenti Donald Trampın 2015-ci ildən 2020-ci ilə qədər olan dövr üçün vergi bəyannamələrinin auditi ilə bağlı hesabatı açıqlayıb.
AZƏRTAC CNN telekompaniyasına istinadla xəbər verir ki, bu, demokratların Donald Trampın maliyyə hesabatlarını əldə etmək üçün illərlə göstərdiyi səylərin kulminasiya nöqtəsidir.
“Komitə sabiq Prezidentin vergi bəyannamələrinin təfərrüatlarını özündə əks etdirən vergilər üzrə birgə komitənin əlavə hesabatı ilə birlikdə audit proqramının uğursuzluğunu təsdiqləyən sənədi də dərc edib”, - deyə məlumatda bildirilir. Komitənin rəhbəri, konqresmen Riçard Nilin sözlərinə görə, daxil olan materiallar Donald Trampın vergiləri ilə bağlı lazımi prezident auditinin “baş tutmadığını” təsdiqləyib.
Yaxın bir neçə gün ərzində bəyannamələrin ayrı-ayrı hissələrinin redaktə edildikdən sonra ictimaiyyətə açıqlanacağı gözlənilir. Donald Trampın vergi bəyannamələrinin dərc olunması 2019-cu ildə Konqresdə səs çoxluğu qazanan demokratların ABŞ-ın 45-ci prezidentinə qarşı apardıqları dördillik hüquqi mübarizəni sona çatdıracaq.
Bu arada, maliyyə sənədlərinin yayımlanmasının əleyhinə səs verən respublikaçılar Demokratlar Partiyasının üzvlərini vergi hesabatlarını siyasi silaha çevirməkdə ittiham ediblər.